"Prezidentimizin məğrur obrazı elə xalqımızın obrazı deməkdir" - ŞƏRH EDİLDİ

19 Dekabr 2025 16:05 (UTC+04:00)

"Cənab Prezident İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçiləndə xalqımız qarşısında söz verdi ki, ərazi bütövlüyümüz və suverenliyimiz təmin ediləcək. Üstəlik, dövlət başçımız bu yolda var gücü ilə çalışacağına dair xalqımızı əmin də etmişdi". Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, ötən dövrə, verilən vədlərə nəzər yetirərkən görürük ki, biz bütün məqsədlərimizə çatmışıq, çatmaqda da davam edirik: "İllər ərzində həyata keçirilən siyasət, atılan addımlar və onların uğurlarına əsaslanan tədbirlər Azərbaycan xalqının ideologiyasını gücləndirdi.

Prezident İlham Əliyevin atdığı addımlarla, verdiyi qərarlarla Azərbaycan siyasi, iqtisadi cəhətdən gücləndi. Dövlət başçımız sanki keçilməz sədd, alınmaz qala hördü. Bu qalanın möhkəmləndirilməsi üçün humanitar, təhsil və ideoloji sahədə fundamental addımlar atılmalı idi ki, bu istiqamətdə də ardıcıllıq, prinsipiallıq göstərildi. Məhz ideoloji baxımdan atılan addımların, alınan qərarların nəticəsidir ki, ölkədə kifayət qədər savadlı kadr, tarixini bilən, dərindən dərk edən kifayət qədər şüurlu, sosial məsuliyyət qavramını başa düşən insanların sayı artıb. Əlbəttə ki, atılan addımları qiymətləndirməyi bacaran qədirbilən xalqımız həmişə Prezidentimizin siyasətini dəstəkləyib. Bu dəstəkdən ilhamlanan Prezidentimiz daha da böyük nailiyyətlər əldə edib. Böyük güclərin çirkin planlarına qarşı çıxılıb. Azərbaycan xalqı tarixindən elə bir dərs çıxartdı ki, vaxtilə bəlaların başına gətirildiyi ünvanları yaxşı tanıyırdı. Elə daşlar yerindən oynayıb ki, heç kimin onları oynatmağa cəsarəti çatmayıb. Bunu bacaran cənab Prezident İlham Əliyev oldu ki, bu amil də dövlət başçımızım siyasətinin Ümummilli Lider Heydər Əliyev ideallarının üzərində qurulması ilə birbaşa bağlı idi. İllər ərzində Azərbaycan ordusu ən müasir standartlara uyğun olaraq təşkil edildi. Ordumuzun silah təchizatı məsələsi diqqət mərkəzində idisə, bir digər məsələ də əsgər və zabitlərimizin vətənpərvərlik ruhunda yetişdirilməsi idi".

Politoloq sözlərinə belə davam edib: "Azərbaycan böyük, məkirli planlara qarşı müxtəlif istiqamətlərdə mübarizə apardı. Çünki təəssüflər olsun ki, beynəlxalq hüquq gücdən zəif mövqedə dayanırdı. Əgər beynəlxalq hüququn işlək mexanizmi olsaydı, 30 il ərzində Azərbaycanın torpaqları işğal altında qalmazdı, bir milyondan çox insan yersiz-yurdsuz, evsiz, ən təbii ehtiyaclardan məhrum olaraq əziyyət çəkməzdi. Dünya birliyi soyqırımı aktlarına görə ədalətli mövqe ortaya qoyardı. Bütün bunlara baxmayaraq Prezidentimizin düşünülmüş siyasəti ilə həyata keçirilən “Xocalıya ədalət” kamnpaniyası vasitəsilə bütün dünyaya səpələndik. Bütün dünyanı Azərbaycan xalqının ağrısını görməyə səslədik. Zəfər bir günün, bir ilin işi deyildi. İllərlə zəhmət çəkilən işlər demək idi ki, onun da bəhrəsini gördük. Biz səsimizi eşitdirməyi bacardıq. Biz həm də bu haqlı səslə haqqı tapdalanan xalqlara, millətlərə nümunə olduq, onlara bir stimul verdik. Bunların hamısı uzunmüddətli, məqsədyönlü, sistemli, əlaqələndirilmiş səylərin nəticəsi idi.

Cənab Prezident İlham Əliyevin siyasi bilikləri və şəxsi keyfiyyətləri beynəlxalq tribunalarda dövlət başçımızı ən hörmətli liderlərdən birinə çevirdi. Şübhəsiz ki, Prezidentimizin məğrur obrazı elə xalqımızın obrazı deməkdir. Çünki illərdir Prezidentimiz Azərbaycanı və Azərbaycan xalqını ən yüksək səviyyədə təmsil etməyi bacarır. Prezidentimizin gündəlik iş qrafikinə və fəaliyyətinə baxanda görürük ki, Liderimizin ritorikası ilə atdığı addımlar ahəng təşkil edir. Azərbaycan elə bir qələbə qazanıb ki, tarixi reallıqları böyük dövlətlərin güzəştlərindən üstün tutaraq bu nəticəyə canı-qanı bahasına nail olduğunu dünyaya sübut edə bilir. Əsrlər boyu Azərbaycan xalqının hüquqlarını tapdalamaq, sərvətlərini talamaq üçün addımlar atılıb. Bu yolda milli xəyanətkarlardan, üzüdönüklərdən də istifadə olunub. Lakin Azərbaycan xalqı hər kəsi ələkdən keçirməyi bacardı. Məhz bu sayıq yanaşma, Prezidentimizin məhz xalqımızın tərəfindən qorunması bizi bu günlərə gətirib-çıxartdı.

Ölkənin Birinci xanımı, dövlət başçımızın ən dürüst, sadiq silahdaşı olan hörmətli Mehriban xanım Əliyevanın fəaliyyətinin, vitse-Prezidentlik İnstitutunun yaradılmasının, əldə edilən nəticələrin Azərbaycan xalqı ilə dövləti arasında güclü bir bağ yaratdığını gördük. Xalq bir daha dövlətinə güvənməyə, ona arxa çevirməyə, üz tutmağa başladı. Hörmətli Mehriban xanım Əliyeva humanitar siyasəti kontekstində Azərbaycan xalqının və Azərbaycan qadınının müsbət imicini formalaşdıra bildi. Prezidentimizə göstərilən bu dəstək çox vacib idi, Çünki xaricdən, daxildən təhdidlər, şübhələr var idi. Azərbaycan xalqı bütün bunları gördü, reallıqları dərk etdi. Hər dəfə cənab Prezident İlham Əliyevə güvəndi, dövlət başçımızı xalqımız saydı, hər dəfə yenidən seçdi. Azərbaycan Lideri dört qətnaməni, münaqişəni, siyasi təsisatı tarixə qovuşdurmuş Liderdir. Prezident İlham Əliyev həm fəaliyyəti, həm də şəxsi keyfiyyətləri ilə əsl Liderdir. Prezidentimizin atdığı addımlarla yaınız Azərbaycan xalqı deyil, bütün Cənubi Qafqaz inkişafa və tərəqqiyə doğru irəliləyir.

Prezidentimizin verdiyi hər bir qərar Azərbaycanı dünya siyasətinin mərkəzinə yerləşdirir. Bu, həm də Cənubi Qafqazı şiddətli rəqabətdən uzaqlaşdırır. Azərbaycanda vətəndaşlara, şəhidlərimizə, veteranlarımıza, müharibə iştirakçılarına, yaşlı nəslə, gənc nəslə göstərilən diqqət və qayğı Prezidentimizin həssas yanaşmasının nəticəsidir. Xalqımız bu siyasəti dəstəkləyir və hər zaman Liderinin yanındadır".