"Vitamin çatışmazlığı yalnız “vitamin verməmək”lə bağlı deyil. Bəzən uşaq düzgün qidalanır, amma orqanizm vitamini ala bilmir, mənimsəmir və ya tez itirir". Bu barədə SİA-ya açıqlamasında pediatr Elşən Tağıyev deyib.

Onun sözlərinə görə, qidalanma balanssızlığı olduqda uşaq zahirən doyur, lakin bədəni ac qalır: "Fast-food, şirniyyat və paketlənmiş qidaların üstünlük təşkil etməsi, tərəvəz, meyvə, ət və balığın az istehlakı, eləcə də uşağın yeməklərdə seçici olması bu vəziyyətə səbəb olur. Belə hallarda xüsusilə D vitamini, dəmir, B12 və sink çatışmazlığı yaranır.
Günəşdə az vaxt keçirmək ən çox unudulan səbəblərdən biridir. D vitamini yalnız qidadan alınmır. Uşaq günəşə az çıxırsa, qapalı mühitdə çox qalırsa və dərisi günəşlə kifayət qədər təmasda olmursa, nəticədə D vitamini çatışmazlığı yaranır. Bu isə sümüklərə, immunitetə və inkişaf tempinə mənfi təsir göstərir.
Bağırsaq problemləri və mənimsəmə pozğunluğu zamanı uşaq vitamin qəbul etsə belə, orqanizm onu lazımi şəkildə mənimsəyə bilmir. Tez-tez ishal, qəbizlik, reflüks, çölyak xəstəliyi və laktoza intoleransı kimi hallar xüsusilə dəmir, kalsium və B qrup vitaminlərinin mənimsənilməsinə mane olur.
Lazımsız və uzunmüddətli dərman istifadəsi də vitamin çatışmazlığına səbəb ola bilər. Uzun müddət antibiotiklərin, antiasidlərin və bəzi epilepsiya dərmanlarının qəbulu bağırsaq florasını pozur və vitamin balansının itməsinə gətirib çıxarır.
Sürətli böyümə dövrlərində isə problem hər zaman qidada olmur, tələbatın artması ilə bağlı olur. Körpəlik dövrü, məktəbəqədər yaş və yeniyetməlik mərhələsində orqanizm sürətlə böyüyür və vitamin ehtiyacı əhəmiyyətli dərəcədə artır. Vitamin çatışmazlığı hər zaman aşkar simptomlarla özünü göstərməyə bilər. Bəzən sadəcə halsızlıq, iştahsızlıq və tez-tez xəstələnmə ilə müşahidə olunur. Ona görə də profilaktik və ağıllı yanaşma panikadan daha dəyərlidir".