"Valideynlər bir balaca diqqətli olub, eynəklərini taxıb, gözlərini dörd açsınlar. Niyə belə deyirəm? Çünki övladlarımızı düzgün şəkildə yetişdirmək məhz bizim, valideynlərin öz əlimizdədir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələbərova deyib.
Onun sözlərinə görə, kiçik yaşlardan, xüsusilə 3-6 yaş dövründə uşaqların oyunlar qurmaqla, ətrafı müşahidə etməklə formalaşdığı bir vaxtda biz, valideyn olaraq, onların yanında kimin olmasına, hansı cizgi filminə baxdıqlarına diqqət etməliyik: "Əgər biz bir cizgi filmini övladımızla birlikdə seçsək, birgə baxsaq tutaq ki, Sovet dövründən qalmış dəyərlər aşılayan klassik cizgi filmləri var şəxsən mən öz övladımı həmin cizgi filmləri ilə böyütmüşəm və bu gün onun dürüst davranışları üçün mənə təşəkkür edilirsə, bu, düzgün seçimimizin nəticəsidir.
Uşaqlar bizdən danışdıqlarımızı yox, etdiklərimizi öyrənirlər. Əgər biz mərhəmətli davranırıqsa, övladımızda da mərhəmət hissi formalaşır. Bəzi cizgi filmləri məsafə saxlamağı öyrədir, bu da gələcəkdə uşağın "yox" deməyi bacaran biri kimi formalaşmasına səbəb olur. "Yox" deməyi bacarmamaq insanı zamanla psixoloji və sosial uçuruma sürükləyə bilər. Eyni zamanda bəzi hallarda valideynlər öz aqressiyalarını uşaqlara ötürür. Məsələn, ana övladına fiziki təzyiq göstərirsə, uşaq da oyuncaqlarla oynayarkən bu davranışı təkrar edir, maşınları sındırır, gəlinciklərin saçını yolur. Konsultasiyalarda biz bu davranışlardan uşağın ev mühitini və baxdığı cizgi filmləri vasitəsilə aldığı təsirləri anlaya bilirik.
Bəzən valideynlər bizə "bu uşaqda nə görürsünüz?" deyə sual verirlər. Amma anlamırlar ki, övladla münasibət və seçilən vizual materialları, cizgi filmləri birbaşa onların psixoloji inkişafına təsir edir. Əgər uşaq valideynlə birgə film izləmək istəyir, amma itələnirsə, bu da mənfi təsir qoyur və aqressiyaya səbəb ola bilir. Aqressiya isə uşağın gələcəkdə qorxaq və içəqapanıq birinə çevrilməsinə səbəb ola bilər, çünki bu aqressiyanın sonunda o, cinayətə meyllənə, sonra isə polis və cəza qorxusu ilə yaşaya bilər. Nəticə olaraq, seçilən cizgi filmləri övladın gələcək şəxsiyyətinin, yaşam tərzinin birbaşa göstəricisidir. Ona görə də bu məsələdə valideynlər olduqca diqqətli olmalıdırlar".