Beynəlxalq bazarlarda unsiya gümüşün qiyməti 3,7% artaraq 66 dolları keçib və bununla da tarixi maksimum səviyyəyə yüksəlib. Qram gümüşdə də eyni proses baş verib. artım Qiymət artımı daxili bazara da təsir göstərib. Qram gümüşün qiyməti 3,8% bahalaşaraq 2.12 dolları ötüb və yeni rekorda çatıb. Bəs, gümüş investisiya üçün güvənilir yatırım ola bilər? Gümüşün bahalaşması davamlı ola bilərmi? Gümüş investisiya baxımından qızılla müqayisədə daha sərfəlidirmi?
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli SİA-ya açıqlamasında bildirib ki, gümüş yığım vasitəsi kimi qəbul edilmir:
"Dünyada yığım vasitəsi kimi daha çox qızıl qəbul edilir. Gümüşün həm də sənaye əhəmiyyəti var. Təkcə qiymətli metal kimi yox, həm də sənayedə istifadə olunur. Gümüşün qiyməti buna görə təkcə qiymətli daş kimi yox, eyni zamanda sənaye tələbindən də formalaşır. O baxımdan gümüşlə qızılın uzunmüddətli dövrdə təxminən 50 qat qiymət fərqi olur ortalama. Adətən belə deyək, investorlar baxırlar ki, qızılın qiyməti gümüşdən 50 dəfə baha olur. Bu fərq az və ya çox olanda investisiya qərarlarını buna əsasən verirlər. Amma gümüş, dediyim kimi, heç vaxt yığım aləti kimi qızılı əvəz edə bilməz. Yan alətlərdən biridir. Gümüşə olan sənaye tələbi də qiymətə təsir edir.
Yəni sənaye tələbindən artıb-azalmasından da gümüşün qiyməti dəyişə bilər. Amma investorlar arasında yığım aləti kimi əsas seçim qızıldır. Gümüş qızılı əvəz edə bilməz. Gümüşün bahalaşması davamlı ola bilər. Gümüşün bahalaşmasının davamlı olması ilə bağlı məsələyə gəlincə isə, bu həm qiymətli metallar bazarındakı qiymət hərəkətindən, həm də gümüşün istifadə olunduğu sənaye sahələrinin inkişaf potensialından asılı olacaq. Ümumiyyətlə, qiymətli metallar bazarında gələn il 5%-dən çox qiymət artımı proqnozlaşdırılır. Ümumdünya Ticarət Təşkilatı və IMF qiymətli metalların 5% artacağını proqnozlaşdırır. Son illərdə biz qızılda daha çox artım müşahidə edirik. Son bir ildə qızıl 6.8% artıb. Ona görə də indiki vəziyyətdə demək olmaz ki, gümüş qızıldan daha sərfəlidir".