"Dövlət onların yenidən cəmiyyətə qazandırılması üçün mümkün olan hər şeyi edir" - ŞƏRH EDİLDİ

19 Dekabr 2025 14:25 (UTC+04:00)

"1993-cü ildə Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ölkənin dövlətçilik tarixində tamamilə yeni və prinsipial bir mərhələnin əsasını qoydu. Həmin dövrdə Azərbaycan ağır siyasi, iqtisadi və sosial böhran şəraitində idi. Belə mürəkkəb bir zamanda atılan ilk addımlardan birinin məhz humanizmə söykənməsi, ölüm hökmünə moratoriumun tətbiq edilməsi Ulu Öndərin dövlət idarəçiliyində insan amilinə verdiyi ali dəyərin bariz nümunəsi idi. Bu qərar təkcə hüquqi baxımdan deyil, eyni zamanda mənəvi və ideoloji baxımdan da son dərəcə mühüm əhəmiyyət daşıyırdı. Faktiki olaraq, 1993-cü ildən sonra Azərbaycanda ölüm hökmünün tətbiq edilməməsi dövlətin cəza siyasətində intiqam yox, islah və yenidən cəmiyyətə inteqrasiya prinsipinin əsas götürüldüyünü göstərirdi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, sonrakı illərdə bu xətt ardıcıl və sistemli şəkildə davam etdirildi:

"Yeni Konstitusiyanın qəbul olunması, hüquqi islahatların aparılması, Azərbaycan qanunvericiliyinin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması nəticəsində ölüm hökmü tam və birdəfəlik ləğv edildi. Bu, Azərbaycanı insan hüquq və azadlıqlarına hörmət edən, müasir və demokratik dövlətlər sırasında möhkəmləndirən mühüm addımlardan biri oldu. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin, uzaqgörənliyinin və humanist dünya görüşünün nəticəsi idi.

Bu siyasi və mənəvi irs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının mütəmadi olaraq amnistiya aktları imzalaması da məhz həmin humanist dövlətçilik fəlsəfəsinin təzahürüdür. Prezident İlham Əliyevin növbəti amnistiya aktına imza atması göstərir ki, Azərbaycan dövləti cəmiyyətin təhlükəsizliyini təmin etməklə yanaşı, eyni zamanda səhv etmiş insanlara ikinci şans verməyi də özünün ali məqsədlərindən biri hesab edir. Dövlətimiz insanları cəzalandırarkən belə, onların yenidən cəmiyyətə qazandırılması üçün mümkün olan hər şeyi edir.

Amnistiya aktının əhatə dairəsinə nəzər saldıqda bu addımın miqyası daha aydın görünür. Təxminən 20 min nəfəri əhatə edəcək bu qərar təkcə həmin şəxslər üçün deyil, onların ailə üzvləri, yaxınları, dostları və ümumilikdə geniş bir sosial çevrə üçün böyük sevinc mənbəyidir. Bu, yüz minlərlə insanın həyatında ümid, sevinc və inam yaradan bir qərardır. Xüsusilə Yeni İl ərəfəsində və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində bu cür bir humanizm aktının həyata keçirilməsi onun mənəvi və simvolik əhəmiyyətini daha da artırır. Bu, dövlətlə xalq arasında mövcud olan etimadın, qarşılıqlı bağlılığın və mənəvi birliyin real göstəricisidir.

Bu sevinci, bu ümid hissini cəmiyyətə bəxş edən şəxs isə məhz Prezident İlham Əliyevdir. Onun rəhbərliyi altında Azərbaycan dövləti öz mahiyyətini bir daha nümayiş etdirir: insan mərkəzli, sosial ədalətə əsaslanan və humanizm prinsiplərini rəhbər tutan bir dövlət modeli. Hətta cinayət törətmiş şəxslərə münasibətdə belə dövlət intiqamçı deyil, islahçı mövqe tutur. Məqsəd insanı cəmiyyətdən birdəfəlik kənarlaşdırmaq yox, onu düzgün yola qaytarmaq, yenidən faydalı bir vətəndaş kimi formalaşdırmaqdır.

Bu baxımdan amnistiya aktı yalnız hüquqi sənəd deyil, eyni zamanda güclü sosial və mənəvi məna daşıyan bir addımdır. O, cinayətə bu və ya digər şəkildə yol vermiş insanların yenidən normal həyat tərzinə qayıtmasına, cəmiyyətə inteqrasiya olunmasına, ailələrinə və sosial mühitinə qovuşmasına xidmət edir. Beləliklə, Azərbaycan dövləti bir daha sübut edir ki, onun siyasətinin mərkəzində insan dayanır və bu humanist xətt bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək".