“Bu, tam yeni bir məsələdir və ölkə üzrə götürdükdə ümumi məntəqələrin daxilində çox cüzi faiz təşkil edir. Planlaşdırılan çıxışların təxminən 78 faizi artıq nəzarət altındadır. Lakin bu layihə sadə və rahat deyil, çünki böyük əksəriyyəti hissiyyat və mərhələli icra ilə bağlıdır. Ona görə də prosesin təmin olunması dəqiq və sistemli şəkildə həyata keçirilməlidir".
SİA xəbər verir ki, bu fikirləri TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qurumun 2025-ci ilin yekunlarına dair keçirilən brifinqdə media nümayəndələrinin suallarını cavablandırarkən səsləndirib.
İcraçı direktor ikinci ciddi məsələnin xəstələrin qəsəbələrə yerləşdirilməsi ilə bağlı olduğunu bildirib: “Xüsusilə xüsusi tibbi yardıma ehtiyacı olan xəstələrin yerləşdirilməsi ilə bağlı çətinliklərimiz var. Bunun əsas səbəbi ölkədə fəaliyyət göstərən tibb müəssisələrinin böyük əksəriyyətinin Bakı şəhərində, mərkəzi bölgələrdə və dövlət xəstəxanalarında cəmləşməsidir".
Vüqar Qurbanov qeyd edib ki, bir sıra bölgələrdə tibb infrastrukturu zəifdir və bu, təcili tibbi yardım sisteminə əlavə yük yaradır: “Təcili yardım vasitəsilə xəstələr Bakıya və ya yaxın mərkəzlərə gətirilir. Nəticədə Bakıdakı, xüsusilə ixtisaslaşmış xəstəxanaların üzərinə böyük yük düşür. Covid dövründə də gördük ki, ölkədə reanimasiya çarpayılarının əksəriyyəti məhz Bakı şəhərində yerləşir".
Onun sözlərinə görə, reanimasiya çarpayısı sadəcə çarpayı ilə məhdudlaşmır: “Bu, havalandırma, oksigen təminatı və digər texniki tələblərlə təchiz olunmuş xüsusi şöbələrdə yerləşməlidir. Yəni, sadəcə çarpayı sayını artırmaqla məsələ həll olunmur. Lazımi texniki şəraitin yaradılması əsas şərtdir".
İcraçı direktor bildirib ki, Bakı şəhərində mövcud çarpayıların böyük hissəsi yaşlı və xroniki xəstələr üçün nəzərdə tutulub: “Bu, əvvəlki dövrlərdə planlaşdırılmış resurslarla bağlıdır. Məhz buna görə də reanimasiya imkanlarının məhdudluğu hazırda ciddi problemlərdən biridir".
Vüqar Qurbanov vurğulayıb ki, problemin həlli istiqamətində addımlar atılır: “Hazırda bu məsələnin aradan qaldırılması üçün çalışırıq. Modul tipli xəstəxanaların da prosesə cəlb edilməsi nəzərdə tutulur. Əks halda, bu, təcili tibbi yardım resurslarının səmərəsiz istifadəsinə gətirib çıxarır. Xəstə evdən götürülür, ilkin yardım göstərilir, lakin stasionar yerləşdirmə zamanı ciddi çətinlik yaranır".
O, mövcud stasionar və şübhəli xəstə bölmələrində yer məhdudluğunun da problem yaratdığını bildirib: “Məsələn, bəzi rayon xəstəxanalarında reanimasiya çarpayısının sayı cəmi 14-dür. Halbuki minimum xəstəxana fondunun 1 faizi reanimasiya üçün nəzərdə tutulmalıdır. Bu göstərici aşağı olduqda xəstələrin yerləşdirilməsi çətinləşir və tibbi xidmətin keyfiyyəti azalır".