"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Yeni il qabağı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində irəli sürdüyü amnistiya təşəbbüsü təqdirəlayiqdir və bu gün Azərbaycan Milli Məclisi tərəfindən təsdiq olunub". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, bu amnistiya aktı təxminən 20 min nəfəri əhatə edəcək: "Bu, indiyədək qəbul olunmuş ən böyük amnistiya aktıdır və hesab edirəm ki, bu da bizim yeni dövrümüzün, yeni epoxamızın təntənəsidir. Azərbaycan Prezidentinin humanizmi dəstəkləməsi xüsusilə yaşlı insanlar, qadınlar, azyaşlılar, yəni yüngül cinayətlər törətmiş şəxslərə, eləcə də müharibə iştirakçıları, onların yaxınları, şəhid ailələrinin üzvlərinə tətbiq olunan cəza və müddətlərin bağışlanması, azaldılması çox böyük və önəmli təşəbbüsdür. Bu böyük bir amnistiya aktıdır, hesab edirəm ki, bu cəmiyyətdə barış, sülh və inkişaf baxımından əhəmiyyətli nümunə olacaq. Əvvəllər də amnistiya təşəbbüsləri olub, lakin bu qədər geniş miqyaslı və əhatəli formada ilk dəfədir ki, tətbiq olunur.
Bundan əlavə, bu qərarın Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsi, iş imkanlarının artırılması, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda əhalinin yerləşdirilməsi prosesi fonunda verilməsi də sevindirici haldır. Bu, Azərbaycan dövlətinin humanitar strategiyasının tərkib hissəsidir. Dövlətimizin siyasəti humanizmə əsaslanır və xüsusilə əhaliyə qarşı bu prinsip daim qorunur. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın apardığı bu siyasət həm əhali, həm də beynəlxalq təşkilatlar tərəfindən rəybətlə qarşılanır və yüksək qiymətləndirilir".