Bakıda yaşayış binasının daxili fasad hissəsində özbaşına artırma işlərinin qarşısı alınıb

19 Dekabr 2025 13:24 (UTC+04:00)

Bakının Səbail rayonunun Həsən Seyidbəyli küçəsi, 31 ünvanında yerləşən yaşayış binasının daxili fasad hissəsində özbaşına artırma işləri ilə bağlı sosial şəbəkələrdən daxil olan müraciət əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları ötən gün həmin ərazidə şəhərsalma nəzarəti qaydasında monitorinq keçirib.

SİA Komitəyə istinadən xəbər verir ki, baxış nəticəsində sözügedən ünvanda qanunsuz aparılan işlər operativ müdaxilə nəticəsində dərhal dayandırılıb və yerli icra hakimiyyətinin iştirakı ilə axşam saatlarında söküntüsü tam başa çatdırılıb.

Həmin yaşayış binası ilə bağlı məsələ üzrə Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurası müvafiq rəy verib və dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsi məqsədilə aidiyyəti üzrə təqdimat göndərib.

"Bütün vətəndaşlara şəhərin simasının qorunmasına göstərdikləri həssas yanaşma və fəal vətəndaş mövqeyinə görə təşəkkür edirik", - deyə Komitə bəyan edib.