"Qarabağ"-ın UEFA turnirində "Eintracht Frankfurt"-a qarşı evdə keçirəcəyi oyun komandanın turu keçmək baxımından taleyüklü qarşılaşmadır. Alman təmsilçisi ad baxımından güclü rəqib olsa da, ev amili və Bakıda formalaşan oyun mühiti "Qarabağ" üçün ciddi üstünlük yaradır". Bu sözləri SİA-ya açıqlamasında baş məşqçi Arif Əsədov deyib.
Onun sözlərinə görə, son illərin təcrübəsi göstərir ki, "Qarabağ" ev oyunlarında daha cəsarətli, kompakt və intizamlı futbol nümayiş etdirir: "Komandanın topa nəzarət etmə bacarığı, mərkəz xəttində oyunu qurmaq təcrübəsi və cinahlardan sürətli hücumlar təşkil etməsi "Eintracht Frankfurt" kimi fiziki cəhətdən güclü komandaya qarşı vacib amildir. Əsas məsələ müdafiədə səhvlərin minimuma endirilməsi və rəqibə geniş zonalar verməməkdir. Alman klubları adətən yüksək temp və pressinq üzərində oyun qururlar. Bu baxımdan "Qarabağ"-ın ilk dəqiqələrdə oyunun ritmini aşağı salması, top itkilərindən qaçması və sürətli əks-hücum imkanlarından düzgün yararlanması vacib olacaq. Xüsusilə standart vəziyyətlər və ikinci temp hücumları oyunun taleyini həll edə biləcək məqamlar sırasındadır.
Taktiki baxımdan düzgün balans qorunduğu və azarkeş dəstəyi maksimum səviyyədə hiss olunduğu halda, "Qarabağ"-ın bu oyunda sərfəli nəticə əldə edib turu keçmək şansı real görünür. Əsas şərt emosiyalara qapılmadan planlı və səbirli oyun nümayiş etdirməkdir".