"Təhsildə keyfiyyət mərhələli şəkildə artır" - EKSPERT DANIŞDI

19 Dekabr 2025 10:35 (UTC+04:00)

"2025–2026-cı tədris ili üçün, daha doğrusu, bu il üçün nəzərdə tutulan hesabat yəqin ki, Elm və Təhsil Nazirliyi tərəfindən açıqlanacaq. Amma mən bir neçə vacib faktoru qeyd edə bilərəm". Bunu SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Onun sözlərinə görə, məsələn, bu il təhsil büdcəsi nəzərəçarpacaq dərəcədə artırıldı, universitetlərin sayı artdı, məktəb infrastrukturu əsaslı şəkildə yenidən quruldu: "Təxminən 364 məktəb binası bu il ərzində tikildi. Müəllimlərin statusu ilə bağlı müəyyən addımlar atıldı. Rəqəmsal təhsillə bağlı bir neçə tədbir həyata keçirildi. Təhsil qanunvericiliyində də yenilənmələr oldu.

Ümumi fikir bildirmək üçün hələ bir qədər tez olsa da, əsas uğurlardan biri ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə yer alması idi. İlk dəfə olaraq bir ali məktəbimiz top 1000-liyə düşdü. Məsələn, Bakı Dövlət Universiteti 688-ci yerə qədər yüksəldi.

Tələbə və şagird göstəricilərinə gəlincə, 2025–2026-cı tədris ili üçün təxminən 2 milyondan artıq şagirdin təhsil alacağı gözlənilir. Bütün bu məsələlərə daha dəqiq şəkildə Elm və Təhsil Nazirliyinin illik hesabatından sonra aydınlıq gələcək.

Ümumiyyətlə, təhsil elə bir sahədir ki, hər bir yenilik zaman və davamlılıq tələb edir. Son illərdə aparılan islahatların, xüsusilə müəllimlərin işə qəbulu və sertifikasiya prosesinin nəticələrini artıq görməyə başlayırıq. Bu, valideynlərə ümid verir ki, övladlarını artıq bilikli, bacarıqlı və sertifikatlı müəllimlərin tədris etdiyi məktəblərə göndərirlər.

2026-cı ildə sertifikasiya prosesi tam yekunlaşacaq və bu mərhələdən sonra demək olar ki, məktəblərimizdə saxta diplomlu və ya savadsız müəllimlər qalmayacaq. Artıq hər bir fənn üzrə müəllimlərə etimad göstərmək mümkün olacaq".