Mərkəzi Gömrük Hospitalı əməkdaşlıq memorandumu imzalayıb - FOTOLAR

19 Dekabr 2025 09:32 (UTC+04:00)

18 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı və Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyası arasında əməkdaşlıq memorandumunun imzalanmasına həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov, rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim, t.e.d. Bəxtiyar Musayev və Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasının rəhbəri Fidan İsrafilbəyli iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov memorandumu Azərbaycan səhiyyə sistemində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, elmi-tədris əlaqələrinin gücləndirilməsi və qabaqcıl Britaniya tibbi təcrübəsinin ölkəmizdə tətbiqi baxımından mühüm əhəmiyyət daşıyan strateji sənəd kimi dəyərləndirib.
İdarə rəisi Ceyhun Məmmədov bildirib ki, imzalanmış memorandum çərçivəsində tərəflər arasında birgə elmi tədqiqatların aparılması, həkimlərin bilik və bacarıqlarının artırılması, təlim və seminarların təşkili, mütəxəssis mübadiləsi, eləcə də müasir müalicə və diaqnostika metodlarının tətbiqi istiqamətində səmərəli əməkdaşlıq həyata keçiriləcək. O, bu əməkdaşlığın Mərkəzi Gömrük Hospitalının beynəlxalq tibbi qurumlarla əlaqələrinin daha da möhkəmlənməsinə, tibbi kadrların peşəkar inkişafına və pasiyentlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasının rəhbəri Fidan İsrafilbəyli çıxışında memorandumun iki ölkənin tibb ictimaiyyəti arasında əlaqələrin daha da dərinləşməsinə, bilik və təcrübə mübadiləsinin sistemli şəkildə həyata keçirilməsinə geniş imkanlar yaradacağını vurğulayıb, bu əməkdaşlığın Azərbaycan səhiyyəsinin inkişafına, xüsusilə qadın və uşaq sağlamlığı sahəsində qabaqcıl beynəlxalq yanaşmaların tətbiqinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Daha sonra memorandumu Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim, t.e.d. Bəxtiyar Musayev və Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasının rəhbəri Fidan İsrafilbəyli imzalayıblar.
Tədbirin sonunda Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim, t.e.d. Bəxtiyar Musayev Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasının rəhbəri Fidan İsrafilbəyliyə xatirə hədiyyəsi təqdim edib. Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.