Ermənistanı seçim və dilemma qarşısında qoyan TƏZYİQLƏR – TƏHLİL

18 Dekabr 2025 16:03 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyanın Almaniyaya və oradan da birbaşa Rusiyaya yollanması ilə bağlı müzakirələr dünya mətbuatının gündəmində səbəbsiz olaraq yer almır. Səbəb təbii ki, bəllidir və rəsmi İrəvanın “iki stulda oturmaq cəhdləri” Avropa İttifaqının heç də xoşuna gəlmədiyi sirr deyil. O da sirr deyil ki, məhz iki tərəf arasında seçim qarşısında qalan Ermənistanın hərdən məhz Rusiyaya da “üz tutması”, əslində, yumşaq şəkildə desək, heç də avropalıları qane etmir və hətta seçim qarşısında qalan ölkə Aİ tərəfindən göstərilməkdə olan təzyiqlə barışmaq məcburiyyətində də qalır.

İrəvanın illərdir davam edən “iki stulda oturmaq cəhdlərinə” Brüsselin aqressiv şəkildə yanaşması məsələnin mahiyyətini ortaya qoyur. Belə görünür ki, Brüssel buna son qoymaq qərarına gəlib və bunu gizlətmir də. Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallasın Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin növbədənkənar iclasında səsləndirdiyi sərt bəyanatlar qeyd olunanları təsdiq edir. Məhz elə buna görə də Rusiya ilə Avropa İttifaqı arasında gələcək xarici siyasət kursu ilə bağlı indi Ermənistan sözün əsl mənasında, dilemma qarşısındadır.

“Rusiya və onun müvəkkilləri gələn il keçiriləcək seçkilər ərəfəsində Ermənistan da daxil olmaqla dezinformasiya kampaniyalarını gücləndirirlər”, deyə Kaja Kallasın söylədikləri çox məqamdan xəbər verir. Özü də onun söylədiklərinin timsalında belə bəyanatlar birinci də deyil. Heç sonuncu olacağını da qətiyyən iddia etmək olmaz. Hər halda, Kaja Kallasın Ermənistan üçün etdiyi çağırışlar da bunu deməyə əsas verir. Yəqin ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iştirak etdiyi Aİ-Ermənistan Əməkdaşlıq Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Kallasın İrəvanı Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırması qeyd olunanları birmənalı şəkildə təsdiq edir.

“Dünya nizamı dəyişir. Strateji mövqelərin Aİ-nin ümumi xarici siyasəti ilə uyğunlaşdırılması İttifaqın tərəfdaşları, o cümlədən Ermənistan üçün çox vacibdir. Hazırda Ermənistanın xarici siyasəti ilə Aİ qərarları arasında uyğunluq səviyyəsi 37% təşkil edir”, kimi ifadələr rəsmi İrəvan üçün sanki bir xəbərdarlıqdır. Ələlxüsus da 37% heç də adi statistik rəqəm olaraq bildirilmir. Hər halda, Avropa Komissiyasının vitse-prezidentinin təkidli bəyanatlarını Ermənistan rəhbərliyi çox yaxşı başa düşür. Başa düşür ki, bu, birbaşa olaraq, Brüsselin açıq-aydın mövqeyidir. Təkcə mövqe deyil, bu həm də tələbidir. Tələb isə ondan ibarətdir ki, məhz Ermənistanın xarici siyasəti tam şəkildə Avropa İttifaqının xəttinə uyğun şəkildə aparılmalıdır. Bu tələb rəsmi İrəvanı məhz Avropa prioritetləri və prinsiplərinə uyğun hərəkət etmək kimi bir dilemma qarşısında qoymaqla, çox böyük təzyiq deməkdir.

Sual yarana bilər ki, bəs Ermənistan niyə seçim, dilemma qarşısındadır və nə səbəbə bütün bunlar təzyiq hesab olunur? Yəni, bütün bunları rəsmi İrəvan təzyiq olaraq qəbul etməyə bilərmi? Məsələ burasındadır ki, söhbət maliyyə məsələlərindən gedir və Avropa İttifaqının nəyə işarə etdiyini Ermənistan tərəfi digərlərindən də çox yaxşı başa düşür. Başa düşür ki, təzyiq məhz maliyyə alətləri ilə dəstəklənir. Özü də çox acınacaqlı bir durumda olan, maliyyə resurslarına böyük ehtiyacı olan ölkə üçün bu maliyyə alətləri ilə təzyiqin nə demək olduğu yəqin ki, hər kəsə aydındır. Onsuz da maliyyə üçün bütün dünyaya əl açan bir ölkəyə belə bir təzyiq variantının nə demək olduğunu Aİ rəsmiləri də yaxşı bilirlər və elə buna görə də belə təzyiqə əl atılır. “Ermənistana 15 milyon avro ayrılacaq ki, bu vəsait sülhü möhkəmləndirmək və ölkənin dayanıqlığını artırmaq üçün istifadə olunacaq. Məhz bir sıra təşəbbüslər həyata keçiriləcək, minalardan təmizləmə təlimləri təşkil olunacaq və müvafiq avadanlıqlar təmin olunacaq", deyə Kaja Kallasın məhz Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Şurasının 6-cı iclasından sonra keçirilən brifinqdə bəyan etməsi də deyilənləri bir daha təsdiq edir.

Görünən odur ki, Avropa İttifaqı regionda öz maraqlarını təmin etmək niyyətindədir və bu baxımdan da Rusiyanı məhz Cənubi Qafqazda qətiyyən görmək fikrində deyil və bunu son vaxtlar heç gizlətmir də. Şübhəsiz ki, məhz seçki öncəsi rəsmi İrəvan üçün daha həssas məqam sayılır və bu mənada da Ermənistanın təzyiqlərin nə demək olduğunu anladığını da Aİ nəzərə alaraq belə təzyiqlər edir. Bütün bunların fonunda rəsmi İrəvan çox ciddi seçim qarşısındadır, çünki Rusiyaya qarşı sanksiyalara da qoşula bilmir. Başa düşür ki, Rusiyanın da Ermənistanda özünəməxsus rıçaqları mövcuddur və ruslar istənilən anda qarışıqlıq yaradaraq, çevriliş belə edə bilərlər. Bax elə seçim qarşısında qalmaq dedikdə də bu nəzərdə tutulur. Həm də axı, Ermənistan iqtisadiyyatının birbaşa olaraq Rusiya bazarından asılı olduğu da bir reallıqdır və bu reallığı da rəsmi İrəvan başa düşür.

Rəsmi İrəvanın çox acınacaqlı bir seçim qarşısında qaldığını təsəvvür etmək üçün Ermənistanın həm Rusiya bazarından, həm də Avrasiya İqtisadi İttifaqının mexanizmlərindən asılı olduğunu düşünmək kifayət edir. Yəqin ki, maliyyənin, vəsaitlərin əldə edilməsinin Ermənistan üçün nə dərəcədə həlledici və taleyüklü olduğunu fikirləşdikdə, həmin ölkə hakimiyyətinin niyə “iki stulda oturmaq cəhdləri” etdiyini də başa düşmək çətin deyil. Nəyə görə və hansı cəhdlər edilməsi Avropa İttifaqını qətiyyən maraqlandırmadığı üçün təzyiqləri heç də azaltmaq barədə düşünmür də. Ermənistan rəhbərliyi də bu arada guya ki, çoxvektorlu siyasət yürütdüyünü bəyan edir. Əslində, imitasiya edir və bunu da ona görə edir ki, hər iki tərəfi qıcıqlandırmasın və təzyiqlərdən mümkün qədər yaxa qurtarsın. Baş nazir Nikol Paşinyan dəfələrlə Ermənistanın həm Rusiya, həm də Qərblə əlaqələrin inkişafına yönəlmiş praqmatik, çoxvektorlu kursunu bəyan etməsi vəziyyətdən çıxmaq üçündür. Amma heç də bu kurs Avropa İttifaqını qane etmir və Brüsseldən gələn sərt siqnallar Nikol Paşinyanın belə kursunun qətiyyən qəbul edilmədiyini, hesaba belə alınmadığını göstərir. Bir növ rəsmi İrəvana izah edilir ki, seçim qarşısında, dilemma qarşısında olduğunun fərqində olsun və təzyiqlər də səbəbsiz deyil...