"Şaxta Baba uşaqlıq xatirələrimizin ayrılmaz hissəsidir" - SOSİOLOQ DANIŞDI

18 Dekabr 2025 13:59 (UTC+04:00)

"Şaxta Baba bizim düşüncəmizdə, şüuraltımızda elə bir obraz kimi formalaşıb ki, o, mütləq qış aylarında olmalıdır, qar yağmalıdır. Yəni sanki qar olanda Şaxta Baba var olur". Bu sözləri SİA-ya açıqlamasında "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib.

Onun sözlərinə görə, bu, bizim uşaqlıqdan gələn düşüncə tərzimizdir: "Mental olaraq, şüuraltımızda bu cür bir obraz formalaşıb və illər keçsə də, həmin təsəvvürlər bizdə qalmaqdadır.

Amma Şaxta Babaların yoxa çıxmasına gəlincə, əslində, onlar yoxa çıxmayıblar. Sadəcə olaraq, zamanla bu obrazın təqdim olunma forması dəyişib. Ola bilər ki, evlərdə, ailələrdə bu bayram fərqli şəkildə qeyd olunur. Hər ailə yeni ilin gəlişini öz dünyagörüşünə, həyat tərzinə və dəyərlərinə uyğun şəkildə qarşılayır. Məncə, Şaxta Baba heç vaxt yox olmayıb; sadəcə, insanlar yeni ili, yeni il arzularını və sevinclərini fərqli formalarda ifadə etməyə başlayıblar.

Bu məsələdə ciddi və ya dərin bir səbəb axtarmağa ehtiyac yoxdur. “Yeni il bizim bayramımızdır, ya deyil?” sualı, məncə, ümumiyyətlə, yersizdir. Biz uşaqlığımızdan yeni ili bayram kimi qəbul etmişik. İlin dəyişməsi, yeni ümidlərin yaranması, yeni düşüncələrin və arzuların formalaşması bu bayramın əsas mahiyyətini təşkil edir. Bu baxımdan, yeni il insanların daxili dünyasında xüsusi yer tutur.

Ola bilər ki, ailələr bu bayramı öz dəyərlərinə, inanclarına uyğun şəkildə qeyd edirlər. Kimisi bunu daha sadə keçirir, kimisi isə daha təmtəraqlı şəkildə qeyd etməyə üstünlük verir. Mən bu məsələdə hər hansı bir mental və ya psixoloji problem axtarmıram. Şəhərlərə baxsaq, görərik ki, hər yer işıqlıdır, yolkalar bəzədilib, küçələrdə bayram əhval-ruhiyyəsi hiss olunur. Bu da onu göstərir ki, yeni il hələ də cəmiyyətin həyatında öz yerini qoruyub saxlayır.

Doğrudur, bəziləri deyə bilər ki, bizim milli bayramımız Novruz bayramıdır və ona daha böyük təntənə ilə yanaşılır. Bu, tamamilə təbiidir və bizim milli kimliyimizlə bağlıdır. Amma düşünürəm ki, yeni ili də biz hər zaman özünəməxsus şəkildə, sevinc və ümidlə qarşılayacağıq, inşallah. Əsas olan isə bayramın formasından çox, onun insanlara verdiyi ruh yüksəkliyi və pozitiv enerjidir".