“Məlumdur ki, Rusiya-Türkiyə münasibətləri mürəkkəb və çoxsahəli münasibətlərdir. İki ölkə arasında Akkuyu AES və qaz təchizatı kimi enerji layihələri, ticarət və turizm sahəsində əməkdaşlıq mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə bildirib.

Onun sözlərinə görə, eyni zamanda Suriya, Ukrayna və Cənubi Qafqazda geosiyasi rəqabət də diqqət mərkəzindədir: “Bu mürəkkəb balans siyasəti Türkiyənin NATO üzvü olması ilə daha da çətinləşir. Hər iki tərəf hər hansı insidentin dərhal genişmiqyaslı böhrana çevrilməməsi üçün ehtiyatlı davranır, amma Qara dənizdəki hərəkətlər Rusiya tərəfindən həm strateji, həm də siyasi mesaj xarakteri daşıyır.Odur ki, son günlər Qara dənizdə Türkiyəyə məxsus gəmilərin Rusiya tərəfindən hücuma məruz qalması Ankara–Moskva münasibətlərində diqqət çəkən hadisə olaraq dəyərləndirilir. Bu hücumlar mülki və kommersiya gəmilərinin təhlükəsizliyinə ciddi təsir göstərir və təbii olaraq regional gərginliyi artırır.Hücumların arxasında bir neçə əsas məqsədin dayandığını deyə bilərik. Əvvəla, bu addım Rusiyanın regional təsirini göstərməyə və Qara dənizdəki üstünlüyünü nümayiş etdirməyə hesablanıb. İkincisi, Türkiyə gəmilərinin Ukrayna limanları ilə hərəkəti strateji baxımdan Moskva üçün həssasdır. Üçüncüsü, hücumlarda heyət zərər görmədiyindən, Rusiya açıq eskalasiya yaratmır, amma diqqət mərkəzində olduğunu göstərir. Bu, həm də mesaj verir ki, Qara dənizdə hərbi və geosiyasi üstünlük Moskva tərəfindədir.Ona görə də regionun təhlükəsizliyinin təmin olunması prioritetdir və bunun üçün bir neçə addımın atılması olduqca zəruridir. Davamlı monitorinqin və gəmilər üçün təhlükəsiz marşrutların razılaşdırılması vacibdir. Diplomatik kanalların aktiv istifadəsi, həm Türkiyə-Rusiya dialoqu, həm də NATO ilə koordinasiya risklərin idarə olunmasında mühüm rol oyna bilər. Sahilyanı ölkələr arasında etimad quruculuğu və mülki gəmiçilik üçün texniki müşahidə mexanizmlərinin tətbiqi də insidentlərin təkrarlanma ehtimalını azalda bilər.Ümumi olaraq qeyd edim ki, Qara dənizdə baş verən insidentlər Ankara–Moskva münasibətlərində dərhal böhrana səbəb olmasa da, regionun nə qədər həssas olduğunu göstərir” .