Elm və təhsil nazirlinin Coğrafiya İnstitutu tərəfindən Azərbaycan ərazisində istilik mövsümünün başlanması, bitməsi və davamiyyəti ilə bağlı cədvəllər və xəritələr tərtib edilib.
SİA xəbər verir ki, bunu Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru dosent Zaur İmrani müəssisənin 2025-ci il üzrə elmi və innovasiya fəaliyyətinə dair illik hesabatına həsr olunmuş iclasında söyləyib. Onun sözlərinə görə, 1991-2020-ci illəri əhatə edən mövcud və bərpa edilmiş temperaturun orta sutkalıq məlumatları əsasında istilik mövsümünün başlanması, bitməsi və davamiyyətinin öyrənilməsi nəticəsində müəyyən olunub ki, dağlıq ərazilərdə bu göstəricilər yamacların istiqamətindən və yüksəklikdən asılıdır. “Bununla bərabər, ilk dəfə Azərbaycanda istilik mövsümünün başlanması, bitməsi və davamiyyəti ilə bağlı fiziki-coğrafi vilayətlər üzrə cədvəllər tərtib olunub və müfəssəl xəritələr hazırlanıb. Cədvəl və xəritələr gələcəkdə iqlim şəraitinə uyğunlaşdırılmış dövlət əhəmiyyətli adaptasiya proqramlarının hazırlanmasına, yəni infrastrukturun inkişafına imkan yaradacaq, sənaye və mülki təyinatlı binalarda, sosial obyektlərdə - körpələr evi, məktəblər, klinikalar, xəstəxanalar, banklar, ticarət mərkəzləri və digər iaşə müəssisələrində fasiləsiz istiliyi təmin etməyə kömək göstərəcək”, – deyə o əlavə edib.