"Son dövrdə Azərbaycanda, xüsusilə qız uşaqlarının arxitekturaya meyilli olmağını yəqin ki, hamımız görürük. Bu, çox maraqlı bir faktdır". SİA-nın verdiyi məlumata görə, bu sözləri tədbir zamanı Azərbaycan Milli Məclisinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bicran Hüseynova deyib.
Onun sözlərinə görə, hər zaman düşünürdük ki, arxitektura sahəsi mürəkkəb bir sahədir və burada daha çox hörmətli kişilərimiz fəaliyyət göstərir: "Amma mən bir neçə dəfə olmuşam Gülçöhrə xanımın universitetində və görmüşəm ki, orada nə qədər qız tələbələr təhsil alır. Ümumiyyətlə, bu sahəyə olan maraq artıb və mən bir şeyi dəqiq demək istəyirəm: bu universitetin rəhbərliyində belə gözəl bir xanım rektorun olması çox önəmlidir. Çünki hər bir gənc böyüyərkən özünə bir ideal seçir və ona bənzəməyə çalışır. Gülçöhrə xanım da bir çoxları üçün nümunəvi bir insandır. Mən dəfələrlə görmüşəm tələbələrin ona olan münasibətini, həmçinin professor-müəllim heyətinin münasibətini. Bu o demək deyil ki, o, hər kəsə qarşı çox gülərüzdür. Yox, o çox mürəkkəb və eyni zamanda sərt bir insandır, lazım olan yerdə sözünü deyə bilən biridir. Amma bütün bunlarla yanaşı, əsl Azərbaycan xanımıdır. Və buna görə də fəxr edirəm ki, bizim Gülçöhrə xanım kimi gözəl bir rektorumuz var. Gülçöhrə xanım, sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Ümid edirəm ki, bundan sonra da uzun illər sizinlə birgə bu uğurları qeyd edəcəyik".