Ötən gün 31 cinayətin açılması təmin edilib

18 Dekabr 2025 12:24 (UTC+04:00)

Dekabrın 17-də ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 309, o cümlədən borclu şəxs qismində axtarışda olan 281, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 və dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 4 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 1,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Eləcə də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Polis əməkdaşları paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 1 tapança, 1 alışdırıcı, 5 tüfəng, 31 patron darağı və 857 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər də saxlanılıb.