Əlilliyi olan insanlar görünmürsə, problem kimdədir?

18 Dekabr 2025 11:46 (UTC+04:00)

Onlar küçələrdə az görünür. Avtobuslarda, parklarda, məktəblərdə, iş yerlərində… Sanki yoxdur­lar. Amma həqiqət başqadır: onlar var, sadəcə cəmiyyət onları görmür. Bəs problem onların bədənindədir, yoxsa bizim baxışımızda?

Bir şəhəri əlilliyi olan insanlar üçün əlçatmaz edən təkcə pillələr deyil. Ən böyük maneə biganə baxışlar, susqunluq və “bu mənim problemim deyil” düşüncəsidir. Rampasız (elil arabaları üçün pille) olmayan binalar, dar keçidlər, uyğunlaşdırılmamış nəqliyyat – bunların hamısı cəmiyyətin səssiz qərarlarıdır. Hər pillə bir “sən buraya aid deyilsən” mesajıdır.

Əlilliyi olan insanlar mərhəmət istəmir. Onlar bərabər olmaq istəyir. Cəmiyyət isə çox vaxt onları ya yazıq kimi görür, ya da ümumiyyətlə görməməzliyə vurur. Halbuki görünməmək, ən ağır təcriddir. Sən varsan, amma yox sayılırsan. Sən bacarıqlısan, amma imkan verilmədiyi üçün bacarığını göstərə bilmirsən.

Bir uşaq məktəbə gedə bilmirsə, bu onun problemi deyil. Bir gənc iş tapa bilmirsə, bu onun zəifliyi deyil. Bir insan küçəyə çıxmaqdan çəkinirsə, bu onun seçimi deyil. Bu, cəmiyyətin yaratdığı görünməz divarların nəticəsidir.

Əlilliyi olan insanlar görünmürsə, demək ki, biz hələ də insanı insan olduğu üçün deyil, uyğun gəldiyi üçün qəbul edirik. Cəmiyyət yalnız güclülər üçün qurulanda, zəif sayılanlar kənarda qalır. Amma unutmayaq: cəmiyyətin gücü ən həssas üzvlərinə necə davrandığı ilə ölçülür.

Bəlkə də sualı dəyişmək lazımdır. “Onlar niyə görünmür?” yox, “Biz niyə baxmırıq?” Çünki problem onlarda olsaydı, bu qədər insan eyni anda yox olmazdı. Problem bizdədir -susan, görməyən və dəyişməyən bizdə.