Amnistiyanın elan edilməsi təşəbbüsü – humanizm və hüquqi dövlət prinsipinin təzahürü - MƏQALƏ

18 Dekabr 2025 10:56 (UTC+04:00)

Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətin humanist dəyərlər üzərində inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu baxımdan Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya elan edilməsi təşəbbüsü xüsusi ictimai və hüquqi əhəmiyyət daşıyır. Sözügedən təşəbbüs ölkədə hüququn aliliyinin təmin olunması, sosial ədalət prinsiplərinin möhkəmləndirilməsi və cəmiyyətin sağlamlaşmasına yönəlmiş ardıcıl siyasətin növbəti nümunəsidir.

Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi əsasını təşkil edir. Suverenlik isə ölkənin daxili və xarici siyasətini müstəqil şəkildə müəyyən etmək, milli maraqları qorumaq və ərazi bütövlüyünü təmin etmək qabiliyyətidir. Xüsusilə son illərdə Azərbaycanın öz suveren hüquqlarını tam şəkildə bərpa etməsi bu anlayışların real məzmununu daha da gücləndirmişdir. “Konstitusiya və Suverenlik İli”nin elan edilməsi dövlətin hüquqi və siyasi əsaslarının möhkəmləndirilməsinə verilən strateji önəmin bariz ifadəsidir.

Amnistiya institutu hüquqi baxımdan dövlətin humanist siyasətinin mühüm alətlərindən biridir. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən amnistiya aktları illər ərzində minlərlə insanın cəmiyyətə yenidən inteqrasiyasına, sosial adaptasiyasına və normal həyata qayıtmasına şərait yaratmışdır. Bu təşəbbüs cəzanın təkcə cəzalandırma deyil, həm də islah və tərbiyə məqsədi daşıdığını bir daha təsdiqləyir.

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi hüquqi dövlətin əsas prinsiplərindən olan mərhəmət, ədalət və fərdi yanaşma anlayışlarını ön plana çıxarır. Bu addım cəmiyyətə dövlətin vətəndaşa inamını, onun islah olunma potensialına verdiyi dəyəri nümayiş etdirir.

Amnistiya qərarları təkcə hüquqi müstəvidə deyil, sosial baxımdan da mühüm nəticələr doğurur. Azadlığa buraxılan şəxslərin ailələrinə qovuşması, onların əmək fəaliyyətinə cəlb olunması və cəmiyyətə faydalı fərdlər kimi formalaşması sosial sabitliyə və ictimai həmrəyliyə töhfə verir. Eyni zamanda bu təşəbbüs penitensiar sistemin humanistləşdirilməsi və beynəlxalq hüquq normalarına uyğunlaşdırılması istiqamətində atılan ardıcıl addımların tərkib hissəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən hüquq islahatları sistemli və davamlı xarakter daşıyır. Məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının etibarlı qorunması, cəza siyasətində diferensial yanaşmanın tətbiqi bu kursun əsas istiqamətlərindəndir. Amnistiya təşəbbüsü də bu strategiyanın mühüm elementlərindən biri kimi çıxış edir.

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü Azərbaycanın hüquqi, sosial və mənəvi dəyərlərinə söykənən dövlət siyasətinin parlaq nümunəsidir. Bu addım bir tərəfdən hüququn aliliyini və Konstitusiyanın üstünlüyünü təsdiqləyir, digər tərəfdən isə humanizm, mərhəmət və sosial ədalət prinsiplərinin dövlət idarəçiliyində prioritet olduğunu göstərir. Sözügedən təşəbbüs müasir Azərbaycan dövlətinin gücünün yalnız iqtisadi və hərbi deyil, eyni zamanda hüquqi və mənəvi əsaslara söykəndiyini bir daha sübut edir.

Jalə Əliyeva,

Millət Vəkili