Çilinin yeni prezidenti Maduro diktaturasının devrilməsinə çağırır...

18 Dekabr 2025 04:23 (UTC+04:00)

...Çilinin seçilmiş prezidenti, sərt sağçı Xose Antonio Kast, Venesuela diktatoru Nikolas Maduronu devirmək üçün edilən hər hansı bir səyi dəstəklədiyini bəyan etdi. Bu, Çilinin Karakasla qarşıdurmada ABŞ-ın regional müttəfiqlərinə qoşulmasına səbəb ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Barron’s yazır.

Kast bu açıqlamanı çərşənbə axşamı Argentinaya səfəri zamanı verdi - bu, prezident seçkilərində qalib gəldikdən sonra ilk xarici səfəridir.

O, Çilinin Venesuelanın daxili işlərinə birbaşa müdaxilə etmək niyyətində olmadığını, lakin bütün Latın Amerikası və hətta Avropa üçün "bu nəhəng problemi həll edə" biləcəkləri dəstəkləyəcəyini vurğuladı.

Kast iqtisadi böhrana və Venesueladan kütləvi miqrasiyaya görə Maduronu günahlandıraraq onu "narkodiktator" adlandırdı.

Beynəlxalq təşkilatların məlumatına görə, 2014-cü ildən bəri təxminən yeddi milyon insan ölkəni tərk edib.

Seçki kampaniyası zamanı Kast immiqrasiya siyasətini sərtləşdirəcəyinə, əsasən venesuelalılar olan yüz minlərlə sənədsiz miqrantı deportasiya edəcəyinə və Çilinin şimal sərhədində təhlükəsizliyi gücləndirəcəyinə söz verdi.

O, həmçinin miqrantların evə qayıtmasına imkan yaratmaq üçün Cənubi Amerika ölkələri vasitəsilə "humanitar dəhliz" yaratmağı təklif etdi.

Əli Babayev