...Ağ Evin Aparat rəhbəri Suzi Uayls ABŞ prezidenti Donald Trampın rəsmi tədbirlər zamanı yuxuya getməsi ilə bağlı xəbərləri təkzib edib. O bildirib ki, prezidentin görüşlər zamanı gözlərini yumması onun yatdığı anlamına gəlmir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə People yazır.
...O, yatmır. Sadəcə gözlərini yumur və başını geri atır - onda heç bir problem yoxdur, - Uayls deyib.
Qeyd edək ki, bu şərhlər 2 dekabrda televiziyada yayımlanan Nazirlər Kabineti iclasından sonra mediada yayılan fərziyyələr fonunda səsləndirilib.
İclasın səs yazısı sosial mediada qızğın müzakirələrə səbəb olub. Ağ Evin mətbuat katibi Kerolin Levitt də əvvəllər prezidenti müdafiə edərək, onun "diqqətlə dinlədiyini və üç saatlıq Nazirlər Kabineti iclasına rəhbərlik etdiyini" vurğulayıb.
O bildirib ki, administrasiya ilk aylarda əhəmiyyətli nailiyyətlər nümayiş etdirib. Tramp əvvəllər də oxşar epizodlarla, o cümlədən Oval Ofisdəki çıxışlar zamanı və 2024-cü ildə cinayət məhkəməsi iclası zamanı diqqət mərkəzində olub.
O vaxt jurnalistlər prezidentin yuxulu göründüyünü bildiriblər. Tramp özü dəfələrlə az yatdığını bildirib və sələfi Cozef Baydeni "hər zaman yatdığını" iddia edərək tənqid edib.
Əli Babayev