Boşanmalar uşaqların psixologiyasına necə təsir edir? - PSİXOLOQ AÇIQLADI

17 Dekabr 2025 17:22 (UTC+04:00)

"Son zamanlarda boşanmaların sayı artıb. Bunun da bir çox səbəbləri var. Boşanma prosesi ailə içi problemlər sırasında uşaqlara ən çox təsir edən hallardan biridir. Bu proses, valideynlərin münasibətlərinin dəyişməsi və ailə mühitindəki gərginlik uşaq üçün həm emosional, həm də psixoloji çətinliklər yarada bilər. Buna görə də, boşanma mərhələsində uşaqların psixoloji sağlamlığının qorunması xüsusi diqqət tələb edir. Boşanmadan öncə valideynlər uşaqların yaşını, inkişaf mərhələsini və emosional vəziyyətini nəzərə alaraq onlarla açıq və səmimi söhbətlər aparmalıdırlar". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, bu söhbətlər uşaqlara vəziyyəti başa düşməyə və emosiyalarını ifadə etməyə imkan verir:

"Əgər valideynlər bunu təkbaşına edə bilmirsə, peşəkar psixoloqdan və ya ailə məsləhətçisindən dəstək almaq çox vacibdir. Bu yolla uşaqlar, qarşılaşdıqları dəyişiklikləri daha sağlam şəkildə qavrayırlar və gələcəkdə emosional çətinliklərin yaranmasının qarşısı alınır. Uşaqlar valideynlər arasındakı gərginliyi hiss edə bilərlər və bu, onların özlərini günahkar və ya qorxmuş hiss etmələrinə səbəb ola bilər. Hətta boşanma baş verdikdən sonra da valideynlər uşaqlarla keyfiyyətli vaxt keçirməyə çalışmalıdırlar. Uşaqların həyatında hər iki valideynin iştirakının qorunması onların emosional sabitliyi üçün çox əhəmiyyətlidir. Boşanma və ayrılıqlar illər sonra baş vermiş olsa belə, bəzi vacib məsələlərin valideynlər tərəfindən birgə həll edilməsi məqsədəuyğundur. Məsələn, uşağın təhsil, sağlamlıq və ya sosial həyatına aid qərarlar hər iki valideynin razılığı ilə qəbul edilməlidir. Valideynlər arasında telefon və ya digər əlaqə vasitələri ilə ünsiyyət qorunmalı, gərginlik uşaqlara yansımamalıdır. Ümumiyyətlə, boşanma prosesi zamanı uşaqların rifahı, psixoloji dəstəyi və valideynlərin məsuliyyətli yanaşması əsas prioritet olmalıdır. Valideynlər qarşılıqlı hörmət və əməkdaşlıqla hərəkət etdikdə, uşaqlar bu prosesi daha az stress altında yaşayır və gələcəkdə sağlam emosional inkişaflarını davam etdirə bilirlər".