...ABŞ, Avropa tərəfdaşları ilə birlikdə, mümkün sülh razılaşmasından sonra Ukraynanı dəstəkləmək planını əks etdirən iki sənəd hazırlayıb.
SİA xəbər verir ki, bu barədə The New York Times yazıb. Nəşrin məlumatına görə, plan Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsini, yeni, mümkün Rusiya işğalının qarşısını almaq üçün Ukrayna ərazisinə Avropa qoşunlarının yerləşdirilməsini və Amerika kəşfiyyat imkanlarının daha fəal şəkildə cəlb edilməsini nəzərdə tutur.
The New York Times mənbələrinin "əməliyyat hərbi sənədi" kimi təsvir etdiyi sənədlərdən birində Rusiyanın əlavə əraziləri ələ keçirməyə cəhd etməsinin qarşısını almaq üçün ABŞ və Avropa qoşunları ilə Ukrayna Silahlı Qüvvələri arasında əməkdaşlıq üçün ətraflı müddəalar var.
Heç bir sənəd hələ ictimaiyyətə açıqlanmayıb. Lakin məlumatlı mənbələrə görə, onlarda mümkün yeni Rusiya işğalının müxtəlif ssenariləri üçün konkret direktivlər var.
Adı çəkilməyən ABŞ rəsmisi qeyd edib ki, onlar gələcək hücumların qarşısını almaq və onların yenidən başlamasına cavab vermək üçün mexanizmləri "çox aydın şəkildə" müəyyən edirlər.
Əsas məqsədlərdən biri sülh dövründə Ukrayna Silahlı Qüvvələrinin sayını 800.000-ə çatdırmaqdır. Buna nail olmaq üçün Ukraynanın tərəfdaşlarından sabit və əhəmiyyətli dəstəyə ehtiyacı olacaq.
Avropalı diplomat sənədlərdə Kiyevin tələb etdiyi konkret silahların və hərbi imkanların siyahısının olduğunu bildirsə də, heç bir detal verməyib.
Planda həmçinin Ukrayna ərazisində, xüsusən də hava və dəniz təhlükəsizliyini təmin etmək üçün fəaliyyət göstərə biləcək Avropa təhlükəsizlik qüvvələrinin rolu təsvir olunur. Bu bölmələrin əsasən ölkənin qərb hissəsində yerləşməsi gözlənilir, lakin iştirakçı dövlətlərin siyahısı hələ müəyyən edilməyib.
Moskvanın hərbi əməliyyatları bərpa etmək üçün bəhanə kimi istifadə edə biləcəyi mümkün Rusiyanın saxta bayraq əməliyyatlarının müəyyən edilməsində ABŞ-ın iştirak mexanizmləri də açıqlanıb.
Avropa rəsmiləri qeyd edirlər ki, ABŞ danışıqçıları və ABŞ prezidenti Donald Trampla əməkdaşlıq son zamanlar xeyli yaxşılaşıb.
...Biz real və konkret irəliləyiş görürük. Bu, Ukrayna, Avropa və ABŞ-ın əlaqələndirilmiş hərəkətləri sayəsində mümkün olub, - deyə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib.
Əli Babayev