Gələn il dollar bahalaşacaq ? - İQTİSADÇI AÇIQLADI

17 Dekabr 2025 17:15 (UTC+04:00)

Ölkənin iqtisadi siyasətindən, beynəlxalq bazar dəyişikliklərindən və daxili maliyyə faktorlarından asılı olaraq valyuta məzənnələrinin dalğalanması qaçınılmazdır. Bu dalğalanmalar həm fərdi vəsait sahiblərinin gündəlik həyatına, həm də biznes sektorunun maliyyə planlamasına birbaşa təsir göstərir. Xüsusilə ABŞ dolları kimi qlobal rezerv valyutanın qiymətindəki dəyişikliklər, həm idxalçı, həm də ixracatçı ölkələr üçün ciddi nəticələr doğura bilər. Dolların qiymətindəki artım ölkəyə idxal olunan məhsulların bahalaşması, xarici kreditlərin dəyərinin yüksəlməsi və inflyasiya təzyiqlərinin artması kimi iqtisadi nəticələrə səbəb ola bilər. Eyni zamanda, ixracatçı sahələr üçün dolların möhkəmlənməsi əlavə gəlir imkanı yarada bilər, çünki xarici alıcılar daha çox pul ödəməli olurlar.

Bəs, gələn il dolların qiymətində artım ola bilərmi?

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli SİA-ya açıqlamasında bildirib ki, əslində, manatın qiyməti dollarla sıx bağlıdır:

"Praktik olaraq, manat dollarla birlikdə ucuzlaşır və ya bahalaşır, yəni dolların hərəkətləri manat üçün də müəyyən istiqamət göstərir. Bu, ölkəmizin valyuta siyasətinin və ticarət əlaqələrinin xarici valyutalara bağlılığından irəli gəlir. Əsas məsələ məzənnə rejimi ilə bağlıdır. Yəni, manatın mövcud məzənnəsi belə qalacaq, yoxsa dəyişdiriləcək – bu, birbaşa hökumətin və Mərkəzi Bankın qərarından asılıdır. Lakin bu məsələdə əsas rol siyasi iradəyə aiddir. Əgər dövlət və ya Mərkəzi Bank müəyyən səbəblərdən məzənnəni dəyişmək qərarına gəlsə, bu mümkündür. Məsələn, xarici ticarət balansında ciddi dəyişiklik, büdcə proqnozlarından kənara çıxma və ya strateji iqtisadi məqsədlər buna səbəb ola bilər.

Hazırda belə bir dəyişiklik üçün bazarda hər hansı bir məcburiyyət və ya təzyiq görünmür. Başqa sözlə, manatın məzənnəsinin stabilliyini qorumaq üçün iqtisadi zərurət yoxdur və maliyyə göstəricilərinə baxdıqda da bu istiqamətdə ciddi risklər müşahidə olunmur. Gələn ilin büdcə proqnozlarına nəzər salsaq, görünür ki, manatın məzənnəsində dəyişiklik üçün ciddi bir təzyiq və ya zərurət yoxdur".