"Şimal-Cənub nəqliyyat dəhlizi müasir beynəlxalq münasibətlər sistemində təkcə iqtisadi layihə deyil, eyni zamanda ciddi geosiyasi alət kimi çıxış edir. Bu dəhliz Hind okeanı hövzəsini İran və Azərbaycan üzərindən Rusiya və Avropa bazarları ilə birləşdirərək mövcud ticarət marşrutlarına alternativ yaradır. Xüsusilə qlobal logistik zəncirlərin şaxələndirilməsinə ehtiyacın artdığı bir dövrdə Şimal-Cənub dəhlizinin əhəmiyyəti daha da yüksəlir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.
Onun sözlərinə görə, layihədən əsas iqtisadi dividendləri ilk növbədə tranzit ölkələr qazanır: "Hindistan üçün bu dəhliz Avropa bazarlarına daha qısa və ucuz çıxış imkanı yaradır. İran sanksiyalar fonunda regional tranzit mərkəzinə çevrilmək şansı əldə edir. Rusiya isə Qərb marşrutlarının məhdudlaşdığı bir şəraitdə Cənub istiqamətində strateji alternativ qazanır. Eyni zamanda Çin kimi qlobal güclər də bu dəhlizi “Bir Kəmər, Bir Yol” təşəbbüsünün tamamlayıcı elementi kimi dəyərləndirir. Azərbaycan isə bu layihədə açar mövqeyə malik ölkədir. Coğrafi yerləşmə baxımından Şimal-Cənub dəhlizinin mərkəzində dayanmaq Bakıya həm iqtisadi, həm də siyasi dividendlər gətirir. Tranzit gəlirlərinin artması, nəqliyyat-logistika infrastrukturunun inkişafı və ölkənin regional logistika mərkəzinə çevrilməsi bu üstünlüklər sırasındadır. Bundan əlavə, Azərbaycan regionda etibarlı tərəfdaş imicini gücləndirərək beynəlxalq aktorlarla siyasi dialoq imkanlarını genişləndirir.
Lakin bu üstünlüklərlə yanaşı müəyyən risklər də mövcuddur. Dəhliz üzərində maraqların toqquşması, böyük güclər arasında rəqabətin artması və regiondakı geosiyasi gərginliklər Azərbaycanın balanslı siyasət yürütməsini zəruri edir. Eyni zamanda, tranzit ölkə statusu yalnız infrastruktur deyil, sabitlik və təhlükəsizlik məsuliyyəti də tələb edir. Şimal-Cənub nəqliyyat dəhlizi iştirakçı ölkələr üçün müxtəlif səviyyələrdə qazanc və risklər yaradır. Azərbaycanın uğuru isə bu layihədə öz strateji mövqeyini qoruyaraq iqtisadi faydanı siyasi balansla uzlaşdırmaqdan asılı olacaq".