"Azərbaycan-Türkiyə müdafiə sahəsində yeni mərhələyə keçdi" - MÖVQE

17 Dekabr 2025 16:41 (UTC+04:00)

"Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.

Siyasi şərhçi sözlərinə belə davam edir: "Memorandumda göstərilir ki, BMT-nin 51-ci maddəsinə əsasən, yəni ölkələrin öz müdafiəsini təmin etməsi məsələsinə toxunulur. Əgər belə bir hadisə baş verərsə və Azərbaycan üçün təhlükə yaranarsa, Azərbaycan bu maddədən istifadə edərək özünü müdafiə məqsədilə hərəkətə keçərsə, burada qeyd olunur ki, Azərbaycan və Türkiyə bir-birinə qarşılıqlı dəstək göstərmək və birgə hərəkət etmək imkanına malikdirlər.

Bu, çox önəmli bir memorandumdur. Hazırda dünyada və regionda qeyri-sabitlik, müharibələr və yeni dünya düzəninin formalaşdığı bir vaxtda Azərbaycan və Türkiyə arasında belə bir memorandumun imzalanması hər iki ölkənin təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, bu memorandum Azərbaycanın və Türkiyənin beynəlxalq aləmdə nüfuzunun daha da güclənməsinə xidmət edir.

Bundan öncə Şuşa Bəyannaməsi imzalanmışdı və orada da bu cür məsələlər əks olunmuşdu. Lakin müdafiə nazirləri səviyyəsində bağlanan bu memorandum həm əvvəlki sənədləri təsdiqləyir, həm də təhlükəsizlik sahəsində əməkdaşlığı daha da gücləndirir. Bu sənəd yalnız Azərbaycan və Türkiyə üçün deyil, gələcəkdə digər türkdilli dövlətlər, yəni Türk Dövlətləri Təşkilatına üzv ölkələr üçün də nümunə ola bilər. Əgər onlarla da bu cür memorandumlar imzalanarsa, türkdilli dövlətlərin təhlükəsizliyi daha möhkəm şəkildə təmin edilə bilər.

Eyni zamanda, Türkiyənin NATO-ya üzv və bu alyansın ən güclü dövlətlərindən biri olduğunu da nəzərə alsaq, bu memorandum Azərbaycanın təhlükəsizliyi baxımından çox ciddi təminat mənası daşıyır".