"Pik saat anlayışı günü-gündən yoxa çıxmaq üzrədir. Belə ki, nəqliyyat vasitələrinin sayının artması, əhalinin paytaxta cəmləşməsi, yol infrastrukturunun tam standartlara uyğun olmaması və nişan zolaqlarının uyğun olmayan hissələrə tətbiqi səbəbindən vəziyyət daha da ağırlaşır". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Rövşən Həsənov deyib.

O bildirib ki, nəqliyyat axınına kifayət etməyən yollara əlavə olaraq avtobus zolaqları və velosiped yollarının tətbiqi yollarda sıxlığın daha da artmasına səbəb olur və nəticədə pik saat anlayışı genişlənərək bütün günə yayılır.
Bəzi yollarda bu hallar daha qabarıq şəkildə müşahidə olunur. Onsuz da intensiv nəqliyyatın olduğu ərazilərdə əlavə zolaqların tətbiqi problemi aradan qaldırmır, əksinə, vəziyyəti daha da gərginləşdirir: "Ümid edirəm ki, Bakı şəhərinin baş planı təsdiqlənib tam şəkildə həyata keçirildiyi halda, bu problemlərin qarşısı qismən də olsa alına bilər.
Ümumiyyətlə, nişanlama, nişan prosedurları və yol hərəkətinin təşkili çox geniş və əhatəli mövzudur. Əgər yollar tikinti norma və qaydalarına uyğun şəkildə salınmasa, pik saat anlayışı tamamilə aradan qalxacaq və bu problem gündəlik rastlaşdığımız bir vəziyyət olaraq qalacaq".