Vəsiyyət Hekayə

17 Dekabr 2025 15:40 (UTC+04:00)

Əvvəlcə dayanacaqda avtobus gözləyən adamlara yaxınlşdı.Sonra dili dolaşa-dolaşa güclə başa düşüləcək səslə əlini açıb, zarıyaraq: -Allah xatirinə mənə kömək edin,-dedi. Ayaq üstə güclə dayanan, üst-başı çirk içində olan bu adamdan gələn kəskin içki qoxusu dayanacaqda dayananları bir anda pərən-pərən saldı. Birdən müvazinatını saxlaya bilməyən bu adam dizi üstə yerə çökdü. Qollarını yerə dirsəklədi. Axşamdan yağan yağışın yuyub təmizlədiyi asfaltın üzərində kəskin üfunət qoxuyan bir görüntü əmələ gəldi. Kənardan müşahidə edənlərdən üzünü yana çevirib, ağız-burunlarını tutanlar da oldu, dodağının altında mızıldanaraq qınayıb,uzaqlaşanlar da.Bayaqdan ətrafdakılardan kömək istəyən kişi içindəkiləri qaytardıqdan sonra sanki rahatlandı. Bir xeyli bu vəziyyətdə qaldı. Sonra özündə bir qüvvə tapdı, birtəhər ayağa qalxdı. Ətrafa göz gəzdirdi. Avtobusun dayandığını görüb irəli yeridi. Minmək,arxa oturacaqda oturub bir qədər qızınmaq istədi.Ancaq macal tapmadı. Avtobusa minən sərnişinlərin təkidilə sürücü qapını onun üzünə bağladı və sürətlə şütüdü.

Beləcə bir neçə avtobusu yola saldı. Bayaqdan onu məzəmmət edənlər artıq çoxdan oradan uzaqlaşsalar da dayanacağa yeni gələnlərdən ona ürək ağrısı ilə baxanlar da oldu, avtobusa minmək üçün cəhd etdiyini görüb, geri çəkilib ona yol verənlər də. Nəhayət, minə bildi. Boş oturacaqlardan birində əyləşdi. Yaxınlığındakı bir neçə adam ayağa durub, yerlərini dəyişmək məcburiyyətində qaldı. Yerini rahatladıqdan sonra yenə dili dolşa -dolaşaavtobusdakılara xəstə olduğunu, Allah xatirənə onlardan çörəkpulu istədi.

Bayaqdan ondan gözünü çəkməyən yaşlı qadın bomba kimi partladı: - Allahın adını dilivə alma. Canın çıxsın az iç, xəstə olma. Doxtur dərman buyurub sənə, hə nolub? Gör nə günə qoyub özünü. Ana da bəxtəvər olub, doğanda sevinib ki, oğul doğmuşam. Sənin yerivə bir qara daş doğeydi. Alkaş.

- Vallah əlimdə ixtiyar olsaydı belələrini şəhərin mərkəzində bir dar ağaçı qurub, bir-bir asardım, heç uf da deməzdim. Arvad-uşaq bundan nə təmasiyab anlasın.Evdəkinin dərdini çəkə bilmirəm, bu da səhər- səhər qanımı bir yandan qaraldır. Dodağının altında danışan ağ saçlı qadın dərindən bir ah çəkib, pəncərədən çölə baxaraq sanki başqa bir şey barədə düşündüyünü göstərməyə çalışdı.

-Uf, nə qəddar insanlardı e. Bildilər- bilmədilər heç acımadan nə həvəslə də mühazirə oxuyurlar. Danışmağa yaxşı mövzu düşdü ağızlarına. Gənc qızsakit səslə qoluna girdiyi rəfiqəsinin qulağına gileyləndi. Rəfiqəsi də cavabsız qalmadı. Gülərək onun qulağına:- Narahat olma,hələ dörd saat da universitetdə Mahmud müəllimlə Akif müəllimin mühazirəsinə qulaq asacaqsan.

- Eh, rəhmətliyin uşağı nə qoyub, nə axtarırsınız. Siz nə bilirsiz o niyə içir. Gününə baxın da, bəlkə kefindən içmir, dərddən içir,- ağsaqqal bir kişi üzünü danışan qadınlara tərəf çevirdi, irad bildirdi.

Bayaqdan avtobusdakıların qınaq yeri olan bu kişini axırıncı cümlə yaman tutdu. Sanki içkili deyildi, yuxudaydı ayıltdı. Əvvəl xoşbəxt həyatına xatırladı. Sifətinə xoş bir çöhrə gəldi.Bir anda da keçdı. Sonra gözünü yumdu. Yanıb kül olan evi, məhv olan ailəsi gözü önündə canlandı. Bir xeyli bu vəziyyətdə qaldı. Ancaq qəfil arıq biləyinə yapışan əl onu bu şirinli-acılı xəyaldan ayırdı.

-Düşürük, qalxın. Avtobus dayanıb, qalxın zəhmət olmasa. Ehtiyatlı olun,düşürük.

Cox səliqəli geyimli, ziyalı görkəmli bu yaraşıqlıgəncin səsinə sərnişinlərin hərəsi bir cür reaksiya verdi. Kimisi təəccüblə, kimisi maraqla, kimisi də gözləri hədəqəsindən çıxmış vəziyyətdə.

Hər kəsin dediyi o qınaqlara heç bir reaksiya verməyən kişi başını səs gələn tərəfə çevirdi. Yad, tanımadığı bu gəncin səsi ona o qədər doğma gəldi.Ayağa qalxdı və onun köməkliyi ilə avtobusdan yerə endi. Hələ də biləyi onun əlində idi. Onu hara aparırdı, niyə apaprdı artıq maraqlı deyildi. Ölümə də aparsa gedərdi. İllərdi heç kimdən belə isti münasibət görməmişd. Artıq ayılmışdı. Baş verənləri yaxşı dərk edirdi. Belə şəxsiyyətli bir insanın onun biləyindən tutması təəccüblü gəlsə də ürəyində çox sevinirdi. Sanki illərdi belə bir günün həsrətilə yaşamışdı. Hətta günlərlə yol getsəydi nə yorular, nə də hara getdiklərini soruşardı.

Birdən bu səliqəli geyimli insanın telefonuna zəng gəldi. Bir anlıq ayaq saxladı. Sürücüsü idi. Bildirirdi ki, qonaqları hava limanından yola salıb.

-Çox yaxşı. Mən artıq ofisə çatıram, sən də gəl. Sənə vacib tapşırığım var,- dedi. Yoluna yenidən davam etdi. Bir azdan iri bir binanın qapısından içəri girdilər. Qapıda dayanan iki nəfər ədəblə salam verib kənara çəkilsələr də baxışları ilə sanki bir-birinə bu geyimdə kişinin Camal müəllimin yanında nə işi var demək istəyirdilər.

Artıq sürücü də gəlmişdi. Camal müəllimin tapşırıqlarını yerinə yetirmək üçün kişinin çayını nə vaxt içib qurtarmasını gözləyirdi. Otaqda bir sakitlik hökm sürürdü. Nəhayət, Camal müəllim ayağa qalxıb, üzünü sürücüyə tutdu:

- Artıq gedə bilərsiniz. Dediklərimi yerinə yetirdikdən sonra yenidən bura qayıdarsınız.

Çox rəsmi danışırdı. Artıq bu dəfə o arıq, zəif biləkdən sürücü tutmalı oldu. Otaqdan çıxdılar. Bu müddət ərzində onunla bir kəlmə də kəsməmişdilər. Giriş qapısında dayanan iri cüssəli iki nəfərin baxışlarını üzərində hiss edəndə şirniyyatla içdiyi çaydan aldığı ləzzətin sevincini onların üzlərinə gülümsəməklə bildirdi. Sanki bununla necə xoşbəxt olduğunu göstərmək istədi. Ancaq bu xoşbəxtlik uzunmu sürəcəkdi, bax onu hələ bilmirdi.

İlahi, bu gün deyəsən həyat onun üzünə gülmək istəyiridi. Bahalı şirniyyatla içdiyi iki armudu stəkan çay dünyanın ən dadlı təamı idi. Dadı damağından getmirdi. Bu dad ağzının acılığını da aparmışdı. “Bəlkə insanların çoxu hər xırda şeydən zövq alaraq yaşadıqları üçündür ki, ölmək istəmirlər. Mən isə ölümün kəndarında ola-ola, bu halda hələ də yaşayıram”. Beynindən nələr keçirdi, nələr...

Maşına əyləşəndən sürücü susurdu. „Ya sürücü üçün heç maraqlı deyiləm,ya da az danışan insandı. Nə soruşacaq, nə cavab verəcəm ki”,-deyə düşündü. Yeri çox rahat idi. Ömründə belə rahat maşına əyləşməmişdi. Yeri nə qədər rahat olsa da bu an onun üçün bilmək istədiyi şey gedəcəkləri yer idi. Onu bu sürücüyə qoşub, hara göndəriridi bu səliqəli geyimli insan. Bir xeyli getmişdilər ki, sürücü maşını saxladı. İndi gəlirəm,-deyib maşından düşdü. Maşınınqapılarını bağladı. Kişinin dodağı qaçdı.“Qaçmağımdan ehtiyat edir.Hara qaçacam. Qaçacaq yerimmi var ”. Başını buladı.

Bir azdan sürücü əlində iki iri bağlama geri döndü. Bağlamaları arxa oturacağa qoyub, maşını işə saldı. Dönüb sürücünün onun böyrünə qoyduğu bağlamalara nəzər yetirdi, ancaq heç maraqlanmadı içərisindəkilərlə. Onun üçün bu an maraqlı olan gedəcəkləri yer idi. Birdən ağlına bir fikir gəldi. „Bəlkə məni harasa yerləşdirmək istəyir. Hə, axır ki bildim. Niyə heç ağlıma gəlməyib Qocalar evi”. Əli ilə alnına vurdu.

Maşın İçəri şəhərin dar küçələri ilə şütüyüb hamının Məşədi İbad hamamı kimi tanıdığı qədim binanın önündə dayandı. Sürücü maşından düşüb, bir kəlmə də demədən o qədim binanın qapısınıdan içəri girdi.Orada kiminlə nə danışdısa iki nəfər çox ədəb-ərkanla maşına yaxınlaşdılar. Əvvəlcə arxa oturacaqdakı iri bağlamanı götürdülər. Sonra maraqla baş verənləri izləyən kişiyə maşından düşməyə kömək etdilər. Hərəsi bir qoluna girib, hamamın geniş qapısından onu içəri saldılar.

Sürücü maşına əyləşdi. Mobil telefonunu götürdü, Camal müəllimə zəng vurdu:

-Camal müəllim salam. Bəli, dediyiniz kimi etdim. Saat 5-də götürəcəm. Bəli tapşırdıqlarınızı aldım,yeməyini də sifariş etdim . Baş üstə gəlirəm.

Camal müəllim ofisə gələndən heç bir işlə məşğul olmamışdı. Sürücüsünə verdiyi tapşırıqdan başqa. Həftənin demək olar ki, bir günü -cümə günü o ofisə şəxsi maşınında gəlmirdi. Həftənin bu günü evdən bir-iki dayanacaq piyada getdikdən sonra avtobusa minirdi.

Otaqda bir qədər var-gəl etdikdən sonra keçib kresloda əyləşdi. Əlini uzadıb masanın üstündəkianasının şəklini götürdü. Sevgiylə şəklə baxdı. Sonra dodağına yaxınlaşdırıb öpdü, şəkli sinəsinə sıxdı. Üç ay idi ki, anası haqq dünyasına qovuşmuşdu. Üç ay idi ki, təsəllini bu şəkildən alırdı. Bir də nur üzlü anasının vəsiyyətini yerinə yetirməklə bir rahatlıq, dinclik tapırdı. O vəsiyyəti şəklin arxasına da yazmışdı. Anası necə demişdisə, elə də qələmə almışdı.

Anası mübarək cümə günündə dünyasını dəyişmişdi. Həyatının son gününə qədər hər kəsə yaxşılıq edən,kömək əlini uzadan, hamının “Yetimlər anası” kimi tanıdığı bu xeyirxah qadının necə rəhmətlə xatırlandığını gördükcə onun övladı olduğu üçün qürur hissi keçiridi.

Müqəddəs cümə günündə- hər kəsin bir-birinə “Cüməniz mübarək” dediyi bir gündə qarşılaşdığı, rastlaşdığı köməksiz, imkansız, ehtiyac üzündən dilənən, pis vərdişlərə qurşanan, əlacsız insanlara bacardığı qədər kömək əlini uzadırdı. Bununla da sanki anasına ”Ruhun şad olsun, ana bu gün də bir qəlb sevindi “,- deyirdi. Bu an anasının nur çöhrəsi gözünün önünə gəlir,ondan necə razı qaldığını görür, ruhunun şad olduğunu hiss edirdi.

Camal uşaq ikən atası dünyasını dəyişmişdi.O üzdən atasını heç xatırlamırdı. Şəkildən tanıyırdı. Anası Mələk xanım gənc yaşında dul qalmışdı. Evin bütün yükünü zərif çiynində daşımışdı. Oğlunu təkbaşına böyütmüş, gözəl tərbiyə vermiş, oxuyub ali təhsil alması üçün hər zəhmətə qatlaşmışdı.Ona həm ata, həm ana olmuşdu.

Qapının döyüldüyünü eşidib ayağa qalxdı.Gələn sürücüsü idi.

-Camal müəllim necə demişdinizsə elə də etdim. Başqa nə lazımdirsa,buyurun.

-Vəli ,cox təşəkkür edirəm. Mən evə özüm gedəcəm.Sən onu bizim bağ evinə apar. Həsən kişinin yanına. Həsən kişiyə tapşır, onun yanında qalsın. Bağ işində ona kömək edər. Sabah şənbədi. Gəlib məni götürərsən gedərik bağa. Onunla yaxından tanış olarıq. Dərdli insana oxşayırdı. Söhbətləşərik,dərdləşərik. İndi get dincəl, sonra dediklərimi edərsən.

Vəli sağollaşıb çıxdı. Saata baxdı.Hələ vaxta var idi. Sonra ofisin həyətindəki skamyada əyləşdi. Həyatda hələ də Camal müəllim kimi xeyirxah insanların olduğuna şükür etdi .Bu gün bir daha əmin oldu ki, Camal müəllimin ən xoşbəxt günü insanlara əl uzadıb,yaxşılıq etdiyi gündür.

Fil.ü.f.d. Ofelya Sultanqızı