"Heç bir ata bu hüquqdan istifadə etmir" - HİCRAN HÜSEYNOVA

17 Dekabr 2025 15:26 (UTC+04:00)

İlk növbədə qeyd etməliyik ki, təqdim olunan qanun layihəsi hər bir vətəndaşın əmək hüquqlarının qorunmasına xidmət edir. Sənədi 3 əsas istiqamət üzrə nəzərdən keçirmək olar:

1. Mahiyyəti üzrə təkmilləşdirmə məqsədi daşıyan dəyişikliklər,

- əmək münasibətlərində çevik və sosial yönümlü hüquqi tənzimləmələrin tətbiqi,

-müasir iş şəraitinə uyğun olaraq yeni anlayışların qanunvericiliyə daxil edilməsi ;

2. Beynəlxalq Əmək Təşkilatının Konvensiyalarına və beynəlxalq təcrübəyə uyğun olaraq milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə edilən dəyişikliklər;

3. “Normativ hüquqi aktlar haqqında” AR Konstitusiya Qanununun tələblərindən irəli gələrək uyğunlaşdırma çərçivəsində edilən dəyişikliklər". SİA-nın verdiyi məlumata görə, bu sözləri Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası zamanı komitə sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, əmək münasibətlərində çevik və sosialyönümlü hüquqi normaların yaranması artıq bir zərurət idi: "Əlbəttə ki, layiqli əmək şəraitinin yaradılması, əmək hüquqlarının müdafiəsi, ailə vəziyyətindən asılı olmayaraq özünü inkişaf etdirməsi, iş və ya ailə həyatı arasında balansın qorunması hər bir vətəndaşın haqqıdır. Bu baxımdan da bu gün müzakirəyə çıxardığımız qanun layihəsi xüsusi əhəmiyyət kəsb edir.

Belə ki, təklif olunan layihədə “Ailə vəzifələri olan işçi”, “Minimum əmək haqqı”, “Ezamiyyət” və “Məsafədən (distant) iş” anlayışları və bundan irəli gələn digər hüquqi normalar öz əksini tapmışdır. Layihədə Beynəlxalq Əmək Təşkilatının 156 və 183 nömrəli Konvensiyaları, 165 nömrəli Tövsiyəsi nəzərə almaqla bir çox əlavə və dəyişikliklər edilmişdir.

Qanun layihəsi ailə institutunun möhkəmləndirilməsi, vətəndaşın əmək hüququnun qorunması, ailənin sosial müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Milli qanunvericilikdə uşağın dünyaya gəlməsi ilə bağlı atalara 14 təqvim günü müddətinə ödənişsiz məzuniyyət hüququ verilirdi. Lakin biz görürük ki, təcrübədə heç bir ata bu hüquqdan istifadə etmir. Çünki ödənişsiz məzuniyyət ailə büdcəsinə əlavə təzyiq yaradır. Təqdim olunan layihədə isə bu məzuniyyət ödənişli olacaqdır. Burada məqsəd nədən ibarətdir? Məlumdur ki, qadınlar uşaq dünyaya gətirdikdən sonra bir sıra sosial-psixoloji çətinliklər yaşayır. Bir çox ailələrə digər ailə üzvləri, məsələn ana, qayınana və ya digər qohum kömək edə bilmir. O zaman yeni ana olmuş qadına və körpə uşağa yardım edən, onların qayğısına kişi olur.

Kişinin bir həyat yoldaşı və ata olaraq ailəyə dəstək olması, onların qayğısına qalması çox vacibdir. Və bu kişini hörmətdən salmır, əksinə ona olan etibarı, hörməti daha da artırır. Bizə müraciətlər olur, ailə münaqişələri ilə bağlı, boşanmalarla bağlı. Və biz səbəbləri təhlil edərkən, görürük ki, bir çox problemlər həmin dövrə təsadüf edir. Elə, araşdırmalar da göstərir ki, belə bir məzuniyyətin tətbiqi və ataların uşağın qayğısında, təlim-tərbiyəsində iştirakı həm ailə daxili münasibətlərə, həm də uşağın şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərir.

Bir çox ölkələrin əmək qanunvericiliyində olduğu kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində də, qadınlar üçün güzəştlər, imtiyaz və əlavə təminatlar, həmçinin, qadınlar üçün müəyyən məhdudiyyətlər də nəzərdə tutulur.

Belə məhdudiyyətlər ilk növbədə qadınların fizioloji xüsusiyyətlərini və reproduktiv sağlamlığın mühafizəsi məqsədi ilə nəzərdə tutulur. Bununla yanaşı, ölkədə əmək münasibətlərinin gender bərabərliyi prinsipləri əsasında qurulması, qadınların məşğulluq imkanlarının genişləndirilməsi məqsədi ilə mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan 674 peşə vəzifə və iş yeri azaldılaraq 204 müəyyən edilmişdir. Eyni zamanda, qadağan edilən bu peşə, vəzifə və iş yerləri yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq edilir. Azərbaycanın da qoşulduğu bir sıra beynəlxalq Konvensiyalara, və eləcə də, milli qanunvericiliyə görə də analığın mühafizəsinə yönəldilən xüsusi tədbirlər görməsi ayrı-seçkilik hesab olunmur.

Bu baxımdan Əmək Məcəlləsinə edilən yeni dəyişikliklər analığın müdafiəsinin gücləndirilməsi, hamilə qadınların analıq məzuniyyətinin yenidən hesablanması müsbət bir haldır. Belə ki, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmır.

Layihəyə daxil edilən anlayışlardan biri də “ailə vəzifələri olan işçi” anlayışıdır. Ailə institutunun möhkəmləndirilməsi baxımından bu dəyişikliyi xüsusi ilə qeyd etmək istəyirəm. Biz ailələrimizin güclü və dayanıqlı, uğurlu olması üçün elə şərait yaratmalıyıq ki, insan iş ilə ailə arasında seçim etməsin. Ailələr müxtəlifdir.

Elə ailələrimiz var ki, orada davamlı baxıma ehtiyacı olan uşaqlar böyüyür, xəstə valideynlər var. Ya da ailə tək valideynli ailədir. Və bu ailənin qayğıları ya qadının, ya da kişinin üzərinə düşür. Belə insanların əmək hüquqlarının qorunması və ailədə rahatlığın təmin olunması üçün imkanlar yaradılmalıdır. Yəni, qanunvericilik ailə məsuliyyəti daşıyan şəxsləri dəstəkləməli, onların həm iş, həm də ailə öhdəliklərini balanslı şəkildə yerinə yetirməsinə şərait yaratmalıdır. Ailə vəzifələrinin bölüşdürülməsi qadın və kişilərin öz potensialından istifadə etməsi üçün maneələrin aradan qaldırılması deməkdir".