"2025-ci il dünya siyasətində dönüş ili oldu" - POLİTOLOQ DANIŞDI

17 Dekabr 2025 14:35 (UTC+04:00)

"2025-ci il dünya siyasətində bir çox hadisələrlə yadda qaldı. Əvvəla, ölkəmiz üçün vacib olan bir çox məsələləri xatırlayaq və qeyd edək ki, bu hadisələr yalnız Azərbaycan üçün deyil, həmçinin region və beynəlxalq aləm üçün də mühüm əhəmiyyət kəsb edir". Bunu SİA-ya açıqlamasında politoloq Kazım Kazımov deyib.

Onun sözlərinə görə, 2025-ci ilin avqust ayında Ağ Evdə Azərbaycan, ABŞ və Ermənistan rəhbərlərinin keçirdiyi üçtərəfli görüş və bu görüşdən sonra imzalanan memorandum tarixi əhəmiyyət daşıyırdı: "Bu, Azərbaycan diplomatiyasının və Prezident İlham Əliyevin böyük qələbəsi idi. Baş verən bu hadisə bütün dünyanın diqqətini cəlb etdi və Qafqazda sülhün bərqərar olması üçün əsaslı addımlardan biri oldu.

Azərbaycan bu il eyni zamanda mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Lənkəranda keçirilən Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli görüşü, Türk Dövlətləri Təşkilatı, D-8 Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq konfransların Bakıda keçirilməsi 2025-ci ildə Azərbaycanın dünyanın diqqət mərkəzində olduğunu bir daha göstərdi.

Dünyada baş verən digər önəmli hadisələrə gəlincə, Fələstin və İsrail arasında iki ildən artıq davam edən toqquşmalar sonda atəşkəslə başa çatdı. HƏMAS və İsrail arasında müharibə dayansa da, sülh hələ də kövrək olaraq qalır.

Rusiya və ABŞ prezidentlərinin Alyaskadakı görüşü də diqqətçəkən hadisələrdən biri idi. 2022-ci ildən bəri ilk dəfə olaraq yüksək səviyyəli təmas baş verdi. İran və İsrail arasında baş verən 12 günlük müharibə zamanı tərəflər bir-birinə ciddi zərbələr endirdi. Müharibənin uzanacağı ehtimalı narahatlıq yaratsa da, toqquşmalar hələlik dayanıb. Ukrayna müharibəsi, təəssüf ki, 2025-ci ildə də davam etdi və beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qaldı. Pakistan və Hindistan arasında da yenidən toqquşmalar yaşandı. Hindistanın hücumlarına Pakistan sarsıdıcı cavab verdi. Qardaş Türkiyə üçün isə 2025-ci il mühüm uğur ili oldu. Qırx ildən artıq davam edən problem — PKK terror təşkilatı silahı yerə qoyduğunu açıqladı. Bu, Türkiyənin gücünün və qətiyyətli mübarizəsinin nəticəsi kimi qiymətləndirilir.

2025-ci il bir çox çətinliklərə baxmayaraq, həm də uğurlarla yadda qaldı. Ümid edək ki, 2026-cı il münaqişələrin dayandığı, Azərbaycan və Ermənistan arasında sülhün imzalandığı bir il olar".