"Bu addımların arxasında Azərbaycanın 2040, 2050, hətta 2070 vizionları dayanır" - ŞƏRH EDİLDİ

17 Dekabr 2025 12:39 (UTC+04:00)

"Bilirsiniz, ümumiyyətlə son dövrlərdə atılan addımlar, xüsusən də iqtisadi sahədə, istər siyasətdə, istər təhsil, mədəniyyət, sosial rifah sahəsində və digər bu tipli sahələrdə atılan addımlar, xüsusən də islahatların aparılması məsələsi önəmlidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, düzdür dövlətin görülməli olduğu bəzi işlər var ki, bunlara görə hər şeyi reklam etmək anlayışı yoxdur. Çünki dövlət daha sakit, daha səssiz, amma daha keyfiyyətli şəkildə bu işləri həyata keçirir. Dövlət ağlı, dövlət düşüncəsi bu məsələlərə vətəndaşdan bir qədər fərqli yanaşır. Çünki vətəndaş emosional yanaşa bilər, amma dövlət proseslərə soyuqqanlı və strateji yanaşır. Düşünürəm ki, Azərbaycan Prezidenti, cənab İlham Əliyevin verdiyi qərarların icrası istiqamətində dövlətin atdığı addımlar soyuqqanlı, təmkinli, amma məqsədyönlü və nəticəyə hesablanmış addımlardır. Burada islahatların aparılması xüsusilə əhəmiyyət daşıyır. Təhsil sahəsində məsələn, Təhsil Nazirliyi tərəfindən müəyyən işlər görülür. Təbii ki, qarşıda görüləsi çoxlu iş var. Təhsil Nazirliyi ölkənin ən böyük qurumlarından biridir, ona görə oradakı islahatlar uzun bir proses tələb edir.

Cənab Prezidentin AMEA-dakı çıxışı da təhsilə və elmin inkişafına verdiyi önəmi göstərdi. Həm ölkə daxilində elmi tədqiqatların dərinləşdirilməsi, həm də xarici ölkələrlə məsələn, Çin, Qazaxıstan və digər böyük dövlətlərlə əməkdaşlığın gücləndirilməsi diqqət mərkəzindədir.

Mədəniyyət sahəsində də əvvəlki dövrlərlə müqayisədə daha fəal işlər görülür mədəniyyət abidələrinin bərpası, incəsənət və elm xadimlərinə diqqət, yubileylər, ev muzeylərinin yaradılması və s. Sosial rifah məsələsi də dövlətin əsas prioritetlərindən biridir. Bu sahədə həm əhalinin normal yaşayışı, həm də dövlətin iqtisadi imkanlarının artırılması paralel şəkildə həyata keçirilir. Xüsusilə qeyri-neft sektorunun inkişafı, alternativ və bərpa olunan enerji sahəsində yatırımlar, nəqliyyat-kommunikasiya infrastrukturunun gücləndirilməsi – bunlar da əsas prioritetlərdəndir. Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, yükdaşıma imkanlarının artırılması və digər istiqamətlərdə işlər davam etdirilir. Bütün bu addımların arxasında Azərbaycanın 2040, 2050, hətta 2070 vizionları dayanır. 2030-cu ilə yaxınlaşırıq və qarşıya qoyulan strateji hədəflər istiqamətində dövlət planlı şəkildə hərəkət edir.Dövlət bu məsələlərə tələsik deyil, əksinə, təmkinlə, soyuqqanlı şəkildə, planlı və məqsədyönlü yanaşır. Bu da sonda Azərbaycanın siyasi, iqtisadi, təhlükəsizlik, mədəni, sosial və təhsil sahələrində daha güclü inkişafını təmin edəcəkdir".