"Son illərdə Azərbaycanda uşaq futbolunun inkişafı istiqamətində müəyyən addımlar atılsa da, bu sahədə həm müsbət tendensiyalar, həm də ciddi boşluqlar mövcuddur. Bir tərəfdən bölgələrdə yeni futbol meydançalarının salınması, bəzi akademiyaların fəaliyyətə başlaması və AFFA xətti ilə keçirilən yaş qrupları üzrə turnirlər uşaq futboluna marağı artırır". Bu sözləri SİA-ya açıqlamasında baş məşqçi Arif Əsədov deyib.
Onun sözlərinə görə, valideynlərin və uşaqların futbola daha erkən yaşdan cəlb olunmasına şərait yaradır: "Digər tərəfdən isə keyfiyyət məsələsi hələ də əsas problem olaraq qalır. Uşaq futbolunda məşqçi hazırlığı, metodika və seleksiya sistemi istənilən səviyyədə deyil. Bir çox hallarda uşaqlarla işləyən mütəxəssislər müasir futbol biliklərinə və psixoloji yanaşma bacarıqlarına tam yiyələnməyiblər. Bu da uşaqların potensialının erkən mərhələdə itib-batmasına səbəb olur. Eyni zamanda, uşaq futbolunda nəticəyönümlü yanaşmanın üstünlük təşkil etməsi uzunmüddətli inkişafı ləngidir. Erkən yaşlarda fiziki nəticələrə fokuslanmaq texniki və taktiki inkişafın geri planda qalmasına gətirib çıxarır. Halbuki inkişaf etmiş futbol ölkələrinin təcrübəsi göstərir ki, əsas diqqət 12–14 yaşa qədər texnika, oyun düşüncəsi və futbola sevginin formalaşdırılmasına yönəlməlidir.
Müsbət cəhətlərdən biri də son dövrlər valideyn-məşqçi-klub əlaqələrinin nisbətən güclənməsidir. Lakin bu proses sistemli xarakter almasa, əldə olunan irəliləyişlər davamlı olmayacaq. Uşaq futbolunun real inkişafı üçün vahid strategiya, uzunmüddətli planlama və regional balansın qorunması vacibdir. Demək olar ki, uşaq futbolunda müəyyən inkişaf əlamətləri mövcuddur, lakin bu inkişaf hələ dərin və dayanıqlı xarakter daşımır. Keyfiyyətli kadr hazırlığı, düzgün futbol fəlsəfəsi və uşaqların maraqlarını qoruyan mühit formalaşmadan böyük nəticələr gözləmək çətindir".