Bu gün Azərbaycanda sığorta prosesləri mövcud qanunvericilik tələbləri çərçivəsində və sektor iştirakçılarının peşəkar fəaliyyəti əsasında həyata keçirilir. Qanunvericiliyin tələblərinə əsasən, sığorta hadisəsi baş verdikdən və həmin hadisə sığorta hadisəsi kimi tanındıqdan sonra sığorta ödənişinin həyata keçirilməsi üçün sığortalı tərəfindən müvafiq sənədlər sığortaçıya təqdim edilməlidir.
SİA-nın məlumatına görə, Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilib ki, tələb olunan sənədlər sığorta növündən asılı olaraq fərqlənir və bu barədə məlumatlar sığorta müqavilələrində və sığorta şəhadətnamələrində açıq şəkildə göstərilir.
“Xüsusilə qeyd etmək istərdik ki, qanunvericiliyə əsasən sığorta ödənişinin icrasına yalnız sığorta hadisəsi üzrə sonuncu zəruri sənəd sığortaçıya təqdim edildikdən sonra başlanıla bilər. “İcbari sığortalar haqqında” Qanunun 17.1-ci maddəsinə əsasən, sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi gündən etibarən 7 iş günü müddətində sığortaçı sığorta ödənişini həyata keçirməli və ya imtina halında əsaslandırılmış yazılı cavab təqdim etməlidir. Təəssüf ki, bu hüquqi və prosedur çərçivə bəzi hallarda vətəndaşlar tərəfindən ödənişin gecikməsi kimi qəbul olunur. Halbuki, bu, prosesin qanunvericiliklə müəyyən edilmiş mərhələlərindən irəli gəlir. Eyni zamanda, praktikada bəzi hallarda sığortalı tərəfindən təqdim edilən sənədlərin natamam olması və ya aidiyyəti qurumlardan tələb olunan sənədlərin gec təqdim edilməsi halları da müşahidə olunur. Bu zaman yaranan müddət itkisi sığorta ödənişinin gecikməsi deyil, sənədlərin təqdim olunmasında gecikmə kimi qiymətləndirilməlidir.
Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq hesab edirik ki, bu kimi halların minimuma endirilməsi üçün əsas prioritetlərdən biri sığorta savadlılığının artırılması, vətəndaşların proseslər barədə daha dolğun məlumatlandırılması və sığorta hadisəsi baş verdikdən sonra zəruri sənədlərin sığortaçıya mümkün qədər operativ təqdim olunmasının təşviq edilməsidir. ASA bu istiqamətdə maarifləndirmə tədbirlərini və sektor daxilində koordinasiyanı davam etdirir”, - deyə bildirilib.