“Humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir" - ŞƏRH EDİLDİ

16 Dekabr 2025 16:53 (UTC+04:00)

“Humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev 1995-ci ildə ölkəmizdə amnistiya institutunu təsis edib, Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyası yaradılıb. Cəmiyyətin ən müxtəlif təbəqələrini əhatə edən əfv sərəncamlarının və amnistiya haqqında qərarların verilməsi cəmiyyətimizdə rəğbətlə qarşılanır. Humanizm siyasəti bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir”. Bu fikirləri SİA-ya açıqlamasında deputat Pərvin Kərimzadə deyib.

Onun sözlərinə görə, 1995-2003-cü illərdə ölkəmizdə Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi əsasında 7 amnistiya aktı və 32 əfv fərmanı imzalanıb: “Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib. Bunlardan 21325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub. Əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzadan azad edilib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də ardıcıllıqla davam etdirilib və onun tətbiqi dairəsi daha da genişləndirlib. Eyni zamanda, hər zaman nəcib, humanist təşəbbüsləri ilə ali insani dəyərlərə yüksək qiymət verən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezident Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti də xüsusi qeyd edilməldir. Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilib. Bu təşəbbüslər xeyirxahlıq və mərhəmət kimi mənəvi idealların təcəssümünə çevrilib”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidentinin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2021-ci il 5 noyabr tarixli qərar 17 min 267 şəxsə şamil olunub. Bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiya hesab olunurdu. Lakin məlumdur ki, cənab Prezident “Konstitusiya və Suverenlik İli”ndə növbəti amnistiya aktı təşəbbüsü ilə çıxış edib. Bu aktın əhatə dairəsinə görə ən böyük amnistiya olacağı gözlənilir.

2020-ci ilin Vətən müharibəsi və 2023-cü ildə bir günlük antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Bu əməliyyatların keçirilməsinin hüquqi əsaslarını da məhz Konstitusiyamız təşkil edir. Bu gün biz qürurla qeyd edirik ki, ölkəmizin bütün ərazisində konstitusiya quruluşu tətbiq olunur. Ona görə də, “Konstitusiya və Suverenlik İli”ndə amnistiya aktının elan olunması rəmzi məna daşıyır.

Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.

“Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bu, müstqillik tariximizdə ən böyük amnistiya aktı olacaq. Amnistiya aktı minlərlə ailəyə sevinc bəxş edəcək. Belə bir təşəbbüsün irəli sürülməsi dövlətimizin, şəxsən Prezident İlham Əliyevin humanistliyinin, insana verdiyi ali dəyərin göstəricisidir. Ona görə də, dövlətimizin başçısının bu təşəbbüsü xalqımız tərəfindən çox yüksək dəyərləndirilir”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Müəllif: Arzu Qurbanlı