KOBİA nümayəndələri Şimal Sərhədləri İnvestisiya Forumunda iştirak edib

16 Dekabr 2025 16:27 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Səudiyyə Ərəbistanının Arar şəhərində keçirilən Şimal Sərhədləri İnvestisiya Forumunda iştirak ediblər.

Bu barədə SİA-ya KOBİA-dan məlumat verilib.

Forumda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan və Səudiyyə Ərəbistanı arasında uğurlu iqtisadi əlaqələrin mövcud olduğunu, ölkəmizdə sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, həmçinin KOBİA-nın dəstək mexanizmləri barədə məlumat verib.

Qeyd olunub ki, Azərbaycan-Səudiyyə Ərəbistanı Biznes Şurası hər iki ölkənin iş adamları arasında birbaşa əlaqələrin qurulması, sahibkarların təşəbbüslərinin dəstəklənməsi üçün yeni imkanlar yaradır. Mövcud potensialın real layihələrə çevrilməsi üçün B2B əlaqələrin gücləndirilməsi, birgə təşəbbüslərin təşviqi və institusional əməkdaşlığın dərinləşdirilməsi də vacibdir. KOBİA Səudiyyə investorlarına Azərbaycanda biznesin qurulması və inkişafı üçün mandatı çərçivəsində dəstək göstərməyə hazırdır.

Forum çərçivəsində KOBİA Şimal Sərhəd Əyalətinin qubernatoru, şahzadə Faysal bin Xalid bin Sultan Əl Səud, Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdül-Əziz Əl-Falih, Ər-Riyad Ticarət və Sənaye Palatasının baş direktoru Abdallah Obeikan və Azərbaycan-Səudiyyə Ərəbistanı Biznes Şurasının həmsədri Mehdi Hadi Alhatban ilə görüşüb.

Görüşlərdə ölkələrimiz arasında biznes əlaqələrinin gücləndirilməsi, KOB-ların iştirakı ilə yeni investisiya və tərəfdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.