Mənzil qiymətlərinin bahalaşmasının əsas səbəbləri nələrdir ? - EKSPERT

16 Dekabr 2025 15:55 (UTC+04:00)

"Mənzillərin baha olmasının başlıca səbəbi bazarda tələbin təklifi dəfələrlə üstələməsidir. Məhz bu amil qiymətlərin kəskin şəkildə yüksəlməsinə gətirib çıxarıb". Bu sözləri SİA-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.

Onun sözlərinə görə,nəticədə daşınmaz əmlak bazarında qiymətlər olduqca yüksək səviyyəyə çatıb: "Son 6 il ərzində mənzil qiymətlərində təxminən 70 faizə qədər bahalaşma müşahidə olunub ki, bu da bazardakı balanssızlığın açıq göstəricisidir. Mövcud vəziyyət alıcılar üçün ciddi çətinliklər yaradır və əlçatanlığı xeyli azaldır.

İkinci əsas səbəb isə tikinti və satışla məşğul olan şirkətlərlə bağlıdır. Bu şirkətlər süni şəkildə qiymətləri qaldırmağa başlayıblar və nəticədə bazarda real rəqabət demək olar ki, sıfıra enib. Rəqabətin olmaması qiymətlərin bazar prinsiplərinə uyğun formalaşmasına mane olur və süni bahalaşmanı daha da dərinləşdirir. Məhz bu səbəbdən də qiymətlərin real səviyyədən xeyli yüksək olduğu açıq şəkildə görünür.

Əslində isə real qiymət anlayışı tamamilə fərqlidir. Məsələn, hazırda hər hansı bir tikintinin, istər tikinti binası, istərsə də yaşayış binası olsun, 1 kvadrat metrinin maya dəyəri layihədən asılı olaraq təxminən 600–700 manat civarındadır. Yəni faktiki maya dəyəri bu rəqəmlərdən yuxarı deyil. Lakin buna baxmayaraq, satış qiymətləri süni şəkildə bu məbləğdən dəfələrlə artıq müəyyən olunur. Bu fərq isə bazarda sağlam mexanizmlərin işləmədiyini və qiymətlərin real iqtisadi əsaslara söykənmədiyini göstərir".