Qohumluq bağları niyə səssizcə qırılır ?

16 Dekabr 2025 15:52 (UTC+04:00)

Bir vaxtlar eyni süfrə ətrafında toplaşan, bir fincan çayın buxarında dərdlərini paylaşan qohumlar bu gün bir-birinə yadlaşır. Qohumluq əlaqələri tədricən soyuyur, sanki görünməz bir divar çəkilir araya. Salamlar qısalır, zənglər seyrəkləşir, bayramlar isə artıq əvvəlki istiliyini itirir.

İnsanlar dəyişib deyirik… Amma əslində dəyişən zamanın ruhudur. Maddi maraqlar, gündəlik həyatın amansız tələskənliyi, sosial şəbəkələrdə süni münasibətlər real bağları kölgədə qoyur. Qohumluq artıq məsuliyyət deyil, bəzən yük kimi qəbul edilir. Hər kəs öz dünyasına qapanır, “vaxtım yoxdur” cümləsi münasibətlərin üzərinə çəkilən ən rahat pərdəyə çevrilir.

Halbuki qohumluq təkcə qan bağı deyil. O, çətin gündə çiyin, sevincdə ortaq gülüş, itkidə sükutla bölüşülən ağrıdır. Bu bağlar qırıldıqca insan daha da tənha olur. Çünki insanı güclü edən təkcə fərdi uğurları yox, arxasında dayanan ailə və qohumluq dayaqlarıdır.

Ən ağrılısı isə budur: münasibətlər böyük sözlərlə yox, xırda laqeydliklə ölür. Bir cavabsız zəng, təxirə salınan görüş, “sonra danışarıq” deyib heç vaxt danışmamaq… Qohumluq belə-belə səssizcə əldən çıxır.

Bəlkə də yenidən düşünməyin vaxtıdır. Bayramları şəkil üçün yox, görüş üçün yaşayaq. Bir mesajla, bir zənglə, bir “necəsən?” sualı ilə soyuyan bağları yenidən isidək. Çünki qohum itirmək düşmən qazanmaqdan daha səssiz, amma daha ağrılıdır.

Günay Hacıyeva