"Azərbaycan turizmi rəqabət aparmaq iqtidarındadır" - EKSPERT DANIŞDI

16 Dekabr 2025 15:30 (UTC+04:00)

"Azərbaycan turizmi region ölkələri ilə, əsasən qonşu ölkələrlə, rəqabət aparmaq iqtidarındadır. Müəyyən meyarlara görə, rəqabət davamlılığı ölçülə bilər". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Kənan Hənifəyev deyib.

Kənan Hənifəyev sözlərinə belə davam edib: "Sərhədyanı ölkələrlə müqayisə edildikdə həm zəif, həm də üstün tərəflərimiz mövcuddur. Lakin destinasiya olaraq Azərbaycan öz unikallığı ilə seçilir; tarixi, mədəniyyəti, təbiəti və zəngin mətbəxi ölkəmizi fərqləndirir. Hətta Qərblə Şərqin vəhdətini təşkil edən unikal bir məkan olaraq diqqət çəkirik.

Bu il ölkəmizdə xidmət sahələrində qiymətlər turistlərin büdcəsinə uyğun olmuşdur. Rusiya və Türkiyədən çox sayda turist ölkəmizə təşrif buyurub, həmçinin təkrar səyahət edən turistlərdə də artım müşahidə olunmuşdur. Rəqabətə davamlılığımızın əsas təkan nöqtəsi nəqliyyat ola bilər. Bu həm hava, həm də quru nəqliyyatı üçün vacibdir və böyük dəstək verə bilər. Sərhədlərin açılması və təyyarə biletlərinin qiymətlərinin münbit olması vəziyyətində, ölkəyə gələn turistlərin sayında əhəmiyyətli artım baş verəcək.

Xidmət sahələrimiz də Gürcüstan, Rusiya və bəzi hallarda Türkiyə ilə rəqabət aparmaq iqtidarındadır. Ölkəmizin turizm potensialı yalnız təbii və tarixi zənginliklərdən ibarət olmayıb, eyni zamanda qonaqpərvərlik ənənəsi və yüksək səviyyəli xidmət imkanları ilə də diqqət çəkir. Bu amillər Azərbaycanı turistlər üçün cəlbedici destinasiya halına gətirir və rəqabət davamlılığımızı artırmaqda əsas rol oynayır".