"Dövlət məsələləri şəxsi maraqlara qurban verilib" - MÖVQE

16 Dekabr 2025 15:29 (UTC+04:00)

"Mehdiyev işi ilə bağlı konkret adlar çəkməyə hələ tələsmirik, çünki istənilən halda bu işlə istintaq məşğuldur. Ancaq onu deyə bilərəm ki, geniş bir şəbəkədən söhbət gedir. Ramiz Mehdiyev uzun illər – 25 il ərzində Prezident Administrasiyasına (əvvəlki adı ilə Prezident Aparatı) rəhbərlik edib". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Təsir imkanları həddindən artıq çox olub, Prezidentin birbaşa yanında olan şəxs kimi idarəetmədə sözü keçən, səs tonu yüksək olan biri olub. Və təbii ki, bu imkanlardan da sui-istifadə edib.

Son vaxtlar açıqlanan məlumatlar göstərir ki, Ramiz Mehdiyev dövlət məsələlərini şəxsi maraqlarına qurban verib. Öz şəxsi məqsədləri üçün hər imkandan istifadə edib. Bu imkanlar təkcə administrasiya ilə məhdudlaşmayıb — nazirliklər, Milli Məclis, icra hakimiyyətləri, media, siyasi partiyalar, siyasi müxalifət; yəni demək olar ki, bütün sahələri əhatə edən bir fəaliyyət sahəsindən danışırıq. Belə bir şəraitdə Ramiz Mehdiyevin istintaqı böyük bir şəbəkəni ifşa edəcək və artıq etməyə başlayıb. Artıq ilkin işartılar görünməkdədir və bundan sonra da yeni adlar hallanacaq. Təbii ki, onlarla bağlı da hüquqi proseslər aparılacaq. Yeri gəlmişkən, istintaq sirri olduğuna görə hələlik adlar açıqlanmır, lakin məlumata görə xeyli sayda ictimai-siyasi fəal ifadə verməyə dəvət olunub. Onlardan biri — “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu da özü açıqlama verərək ifadə verdiyini bildirib.

Yəni demək istədiyim odur ki, şəbəkə çox böyükdür, çox sayda insanın adı bu prosesdə çəkiləcək. Amma səbirli və təmkinli olmalıyıq. Şəbəkə geniş olduğuna görə istintaq uzun çəkəcək və bu müddətdə informasiya kirliliyinə yol verməmək vacibdir".