"Azərbaycan regional aktor kimi rolunu gücləndirir" - ŞƏRH

16 Dekabr 2025 14:37 (UTC+04:00)

"Şimal-Cənub nəqliyyat dəhlizinin açılması məsələsində təbii ki, Rusiya ciddi şəkildə maraqlı tərəfdir, çünki Rusiya birbaşa Hind okeanına çıxmaq istəyir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Rusiya və İran prezidentlərinin Aşqabadda keçirdiyi görüşdə İran prezidenti qeyd etdi ki, Rəşt-Astara dəmir yolu xəttinin tikintisi 90% başa çatıb: "Bu da təbii ki, Şimal-Cənub nəqliyyat dəhlizinin İran ərazisindən keçən hissəsidir.

İran da bu layihədə maraqlıdır, çünki bu yol vasitəsilə həm Azərbaycan üzərindən Avropaya çıxış əldə edəcək, həm də Rusiya iqtisadi blokadadan çıxmaq üçün bu dəhlizin açılmasında daha çox maraqlıdır.

Təbii ki, Azərbaycan da bu dəhlizin açılmasında maraqlıdır. Nəqliyyat qovşağı olaraq burada ən çox qazanan tərəfin Azərbaycan olduğunu düşünürəm, çünki həm Şərq-Qərb marşrutu, həm Orta Dəhliz (əsasən Zəngəzur dəhlizi), həm də Şimal-Cənub nəqliyyat dəhlizi ölkəmiz üçün vacibdir.

Bu, Azərbaycanın həm siyasi, həm də iqtisadi əhəmiyyətini artırır. Azərbaycan Avrasiyanın əsas nəqliyyat qovşağına çevrilir — həm Şərqi birləşdirir, həm Şimal və Cənubu və bu, yeni dünya düzənində Azərbaycanın regional aktor kimi beynəlxalq miqyasda rolunu gücləndirir. Eyni zamanda, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə də təkan verir. Hesab edirəm ki, bu layihədə ən çox qazanan tərəf məhz Azərbaycan olacaq".