"Erkən nikahlar tək bir şəxsin və ya ailənin günahı ilə izah edilə bilən məsələ deyil. Bu, psixoloji, sosial, mədəni və iqtisadi amillərin üst-üstə düşməsi nəticəsində yaranan mürəkkəb bir problemdir. Cəmiyyətdə formalaşmış stereotiplər, yanlış inanclar və məlumat çatışmazlığı erkən nikahların əsas psixoloji zəminini təşkil edir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
Onun sözlərinə görə, bir çox hallarda valideynlər övladlarının gələcəyini “təhlükəsizlik” altına almaq məqsədi ilə erkən evliliyi çıxış yolu kimi görürlər: "Lakin psixoloji baxımdan yetkinlik yalnız bioloji yaşla ölçülmür. Emosional sabitlik, məsuliyyət hissi və özünü dərk etmə bacarığı formalaşmadan qurulan nikahlar tərəflər üçün ciddi travmalara, ailədaxili münaqişələrə və psixoloji pozuntulara yol aça bilər.
Erkən nikahların yayılmasında sosial mühitin və iqtisadi çətinliklərin də rolu böyükdür. Maddi sıxıntılar yaşayan ailələr qız övladlarını erkən yaşda ailə qurmağa məcbur etməklə məsuliyyəti üzərindən atdıqlarını düşünürlər. Bu isə uşağın fərdi inkişafını yarımçıq qoyur və onun öz potensialını reallaşdırmasına mane olur. Təhsil imkanlarından məhrum olmaq gələcəkdə psixoloji asılılıq və özünə inamsızlıq yarada bilər. Psixoloq baxımından əsas məsələ günahkar axtarmaq deyil, problemin kökünə enməkdir. Erkən nikahların qarşısının alınması üçün ailələr maarifləndirilməli, uşaqların psixoloji inkişaf mərhələləri düzgün izah edilməli və cəmiyyət səviyyəsində sağlam ailə modeli təşviq olunmalıdır. Yalnız bu halda erkən nikahların fəsadlarını azaltmaq və gələcək nəsillərin psixoloji sağlamlığını qorumaq mümkündür".