"Qızardılmış qidalar sağlamlığınıza ciddi zərər verə bilər" - EKSPERT

16 Dekabr 2025 14:25 (UTC+04:00)

"Qızardılmış qidaların tez-tez və müntəzəm istifadəsi bir sıra ciddi sağlamlıq problemlərinə yol aça bilər". Bu sözləri SİA-ya açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov deyib.

Onun sözlərinə görə, ürək–damar xəstəlikləri riski artır: :Qızartma zamanı yağlar trans yağlara çevrilə bilər, xolesterin yüksəlir və bu da ateroskleroz, hipertoniya və infarkt riskini artırır. Piylənmə və metabolik problemlər meydana çıxa bilər. Çox kalorili və yağlı olduğu üçün çəki artımına səbəb olur, insulin müqaviməti və 2-ci tip şəkərli diabet riskini artırır. Sinir sistemi və beyin sağlamlığı da təsirlənə bilər. Uzunmüddətli istifadədə yaddaş zəifləməsi müşahidə olunur və depressiya ilə halsızlıqla əlaqələndirilir.

Xərçəng riski yüksəlir. Yüksək temperaturda qızartma zamanı akrilamid kimi kanserogen maddələr yaranır, xüsusilə kartof qızartması və xəmir məhsullarında risk daha yüksəkdir. Həzm sistemi problemləri yarana bilər. Qastrit, reflüks və mədə yanması inkişaf edə bilər, həmçinin qaraciyər piylənməsi riski artır. İmmunitet zəifləyə bilər. Oksidləşmiş yağlar hüceyrə səviyyəsində zədələnməyə səbəb olur və tez-tez xəstələnmə riski yüksəlir. Hamiləlik dövründə qızardılmış qidaların istifadəsi arzuolunmazdır. Bu qidalar iltihabı artırır və körpənin inkişafına dolayısı ilə mənfi təsir göstərə bilər.