"Türkiyə gəmisi ilə bağlı insident Rusiya tərəfindən şəffaf araşdırılmalıdır" - POLİTOLOQ

16 Dekabr 2025 14:22 (UTC+04:00)

"Rusiya-Türkiyə münasibətlərində ara-sıra indiyə qədər bir sıra hallar baş vermişdi. Xatırlatmaq istəyirəm ki, Türkiyə tərəfindən Rusiya qırıcısı da vurulmuşdu və bununla bağlı Türkiyə tərəfi təzminat da vermişdi və bu məsələ ilə bağlı aydınlıq gətirilmişdi". Bu sözləri SİA-ya açıqlamasında ƏHD Partiyasının Baş katibi, politoloq Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, biz nəzərə alsaq ki, hal-hazırda Rusiya-Ukrayna müharibəsi gedir və bu müharibə də Qara dəniz üzərində baş verə bilir: "Donanmada və yaxud da dronlar vasitəsilə Ukraynanın şəhərləri dronlarla vurulur, və yaxud da əksinə baş verir, Rusiyanın şəhərləri Ukrayna tərəfindən vurulur. Bu müharibədə, təbii ki, düşünək ki, bu təsadüfən, səhvən baş vermiş bir hadisədir və Türkiyə gəmisi bilinmədən vurulubdur. Təbii ki, bu məsələyə Rusiya tərəfi aydınlıq gətirməlidir və Türkiyəyə izahat verməlidir ki, bu nədən baş verib, səhvən olubdur, üzrxahlıq etməlidir. Bu, dövlət ədəbidir.

Mən düşünürəm ki, bu istiqamətdə Türkiyə-Rusiya münasibətlərində gərginlik yaşanmamalıdır. Amma istisna da etmirəm ki, burada ola bilsin ki, müəyyən qüvvələrin marağında da ola bilər ki, belə bir hallar baş versin ki, məqsədli şəkildə Rusiya tərəfindən Türkiyə gəmisi və yaxud da başqa bir nəqliyyat vasitəsi vurula bilər. Necə ki, Azərbaycanın AZAL təyyarəsi vurulmuşdur.

Yəni, mən düşünürəm ki, bu təxribat da ola bilər və ona görə bu məsələ Rusiya tərəfindən dəqiqliklə araşdırılmalıdır. Bu, şəxsən Rusiya Prezidenti Vladimir Putinin nəzarəti altına alınmalıdır ki, Türkiyə gəmisi nə səbəbdən vurulubdur? Yəni, istintaq aparılmalıdır və bununla bağlı da Türkiyə tərəfinə dəqiq izahatlar və məlumatlar verilməlidir. Mən düşünürəm ki, Rusiya onun fərqində olmalıdır ki, Avropanın, Qərbin, Amerikanın sanksiyaları altında olduğu bir halda, ən gərgin vaxtlarında belə, Türkiyə və Azərbaycan bu blokadaya qoşulmayıbdır, Rusiyayla normal, ikitərəfli, iqtisadi və digər əlaqələrini inkişaf etdiribdir.Yəni, Rusiya bunun fərqində olmalıdır ki, ən çətin vaxtlarında, ən dar günlərində qardaş Türkiyə, Azərbaycan Rusiyaya hansı münasibət göstəribdir? Bu münasibətlərin pozulmasına, bu münasibətlərin gərginliyinin artmasına imkan verilməməlidir. Yəni, şəxsən bu məsələ Vladimir Putinin nəzarəti altında olmalıdır".