Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

16 Dekabr 2025 12:34 (UTC+04:00)

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dekabr ayının 15-də saat 23 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar olunub

SİA xəbər verir ki, bu barədə DSX-nin mətbuat mərkəzi məlumat yayıb.

Bildirilib ki, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb.

Keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhədini pozmaqla ümumi çəkisi 31 kiloqram narkotik vasitəni ölkə ərazisinə gətirməyə cəhd göstərən Lənkəran rayon sakinləri – 1985-ci il təvəllüdlü Qədir Hüseynağa oğlu Şahbazov və 1986-cı il təvəllüdlü Zamiq Mövsümağa oğlu Babayev saxlanılıblar.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.