Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir - FOTOLAR

16 Dekabr 2025 12:23 (UTC+04:00)

Dekabrın 15-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin 11-ci Assambleyası öz işinə başlayıb. 130-dan artıq dövlətin rəsmi heyətlərinin və çoxsaylı beynəlxalq və regional təşkilatların nümayəndələrinin təmsil olunduğu tədbirdə Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğunun məsul əməkdaşlarından ibarət geniştərkibli nümayəndə heyəti iştirak edir.

Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirin ilk hissəsində Assambleyanın fəaliyyətinin təşkili ilə əlaqədar məsələlər müzakirə edilib, Assambleyanın yeni sədri və müavinləri seçilib. Keçirilmiş səsvermə nəticəsində Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Vyana şəhərindəki bölməsi, ATƏT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli Konvensiyaya Tərəf Dövlətlərin 11-ci Assambleyası sədrinin Şərqi Avropa regionu üzrə müavini seçilib.

Assambleyanın ilk günündə Plenar iclasda çıxış edən Baş prokuror Kamran Əliyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əsaslı islahatlar həyata keçirilib. Bundan sonra o, ötən Assambleyadan keçən müddət ərzində qəbul edilmiş yeni qanunvericlik aktları barədə məlumat verib. Kamran Əliyev, həmçinin qeyd edib ki, informasiya texnologiyalarının inkişafı korrupsiya və əlaqəli cinayətlərdən də yan keçməyib.

Belə ki, cinayətkarlığın ənənəvi formaları ilə yanaşı, qabaqcıl texnologiyalardan istifadə etməklə törədilən və mürəkkəbliyi ilə fərqlənən cinayətlərin də artım tendensiyası müşahidə edilir və bu sahədə ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən görülmüş tədbirlər barədə də məlumat verib.

Baş prokuror, həmçinin vurğulayıb ki, ölkəmiz bir sıra beynəlxalq və regional təşəbbüslərin aktiv iştirakçısı olmaqla yanaşı, qlobal tədbirlərin keçirildiyi mərkəzə də çevrilməkdədir.

Bakı şəhəri cari ilin may ayında BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE) 6-cı Plenar iclasına ev sahibliyi edib, 90-dan artıq ölkənin 300-dən yuxarı nümayəndəsinin qatıldığı tədbirdə Şəbəkənin fəaliyyətinə töhfə verən bir sıra vacib sənədlər qəbul olunub.

Növbəti ildə isə Bakı şəhəri İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Korrupsiyaya qarşı Mübarizə Qurumlarının 3-cü iclasına ev sahibliyi edəcək.

Bundan əlavə, Baş prokuror korrupsiyaya qarşı mübarizə fəaliyyətinin özünün rastlaşdığı çətinliklər, o cümlədən korrupsiyanın miqyasının və ona qarşı mübarizə fəaliyyətinin effektivliyinin dəyərləndirilməsi ilə bağlı praktiki boşluqları qeyd edərək ölkəmizin ekspertlərinin də yaxından iştirakı ilə BMT-nin dəstəyi ilə hazırlanmış yeni metodologiyanın aktuallığını vurğulayıb.

Sessiya öz fəaliyyətini dekabr ayının 19-dək davam etdirəcək və tədbir çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.

Assambleyanın sessiyasında, həmçinin ölkəmizin Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov da iştirak edir.