"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciətlərlə bağlı informativ statistik axını da sizə deyəcəyik. Regionlardan risk təhlili tamamlandıqdan sonra bizə bütün regionlardan məlumatlar təqdim olunacaq". SİA-nın verdiyi məlumata görə, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın iştirakı mətbuat konfransı zamanı açıqlamasında deyib.
Onun sözləronə görə, məişət zorakılığının statistikasını dəqiqləşdirmək üçün bizə bu məlumatlar lazım olacaq. Məsələn:
- Risk qrupuna aid olunan ailələrin ölkə üzrə sayı nə qədərdir?
- Münaqişəli ailələrin sayı nə qədərdir?
- Məişət zorakılığına məruz qalan ailələrin sayı nə qədərdir?
- Məişət zorakılığına məruz qalan uşaqların sayı nə qədərdir?
Uşaqlar bu məsələdə ən vacib amildir. Çünki çox zaman biz bu məqamı diqqətdən qaçırırıq. Məişət zorakılığı baş verir və biz yalnız zorakılığa məruz qalan qadını, əlili, kişini nəzərə alırıq. Amma çox vaxt bu zorakılığın gizli qurbanları uşaqlardır. Onların həmin mühitdə böyüməsi, onların psixologiyasına təsir edir. Belə uşaqlar hansı psixologiya ilə cəmiyyətə gedəcəklər? Bu, böyük sualdır.
Çünki məişət zorakılığı zamanı uşaqlar zorakılığın daşıyıcısına çevrilirlər. Onların psixologiyası pozulur və onlar gələcəkdə eyni zorakılıq modelini davam etdirən şəxs ola bilərlər.
Bu səbəbdən bizim əsas işimiz məktəb psixoloqları ilə işləməkdir. Biz bu il məktəb psixoloqları üçün seminar və treninqlər keçirdik. Hər bir məktəb psixoloqu bilməlidir ki, onun məktəbində zorakılıq riski olan ailələr hansılardır. Əgər şagird məktəbə gəlirsə və onun əhvalında dəyişiklik hiss olunursa, psixoloq bunu hiss etməli, həmin şagirdlə işləməli, ailəyə baş çəkməli və ailə ilə işləməlidir.
Bu işin təşkili üçün biz bu il Sabunçu rayonunda və digər rayonlarda bütün məktəb psixoloqları üçün bu istiqamətdə seminarlar və treninqlər təşkil etdik ki, bu sahədə vəziyyət yaxşılaşsın".