"Yol tıxaclarının həlli ağıllı idarəetmədən keçir" - ŞƏRH EDİLDİ

16 Dekabr 2025 10:12 (UTC+04:00)

"Yol tıxaclarının yaranması təkcə avtomobillərin sayının artması ilə izah oluna bilməz. Bu problem əsasən şəhərsalma planlamasının uzun illər nəqliyyat axınını qabaqlamaması, ictimai nəqliyyatın cəlbediciliyinin yetərli səviyyədə olmaması və yol infrastrukturunun mövcud tələbatı tam qarşılamaması ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.

Onun sözlərinə görə, xüsusilə iri şəhərlərdə iş yerləri, təhsil müəssisələri və sosial obyektlərin mərkəzləşməsi səhər və axşam saatlarında eyni istiqamətdə intensiv hərəkət yaradır ki, bu da tıxacları qaçılmaz edir: "Problemin həlli üçün ilk növbədə ictimai nəqliyyat sisteminə üstünlük verilməlidir. Sürətli və rahat avtobus xətləri, xüsusi avtobus zolaqları, metro və şəhərətrafı dəmir yolu xətlərinin genişləndirilməsi şəxsi avtomobildən istifadənin azalmasına real təsir göstərə bilər. Paralel olaraq, nəqliyyatın intellektual idarəetmə sistemlərinin tətbiqi vacibdir. Ağıllı svetoforlar, real vaxt rejimində yol hərəkətinin tənzimlənməsi və alternativ marşrutların sürücülərə operativ təqdim edilməsi axınların balanslaşdırılmasına kömək edir. Eyni zamanda parklanma siyasəti də yenidən nəzərdən keçirilməlidir. Şəhər mərkəzində nəzarətsiz və ucuz parklanma avtomobil istifadəsini stimullaşdırır. Parklanma məhdudiyyətləri və ödənişli zonaların genişləndirilməsi vətəndaşları ictimai nəqliyyata yönəldə bilər. Uzunmüddətli perspektivdə isə iş qrafiklərinin elastikləşdirilməsi, uzaqdan iş imkanlarının təşviqi və yaşayış məntəqələrinin balanslı inkişafı yol tıxaclarının azalmasında mühüm rol oynayacaq".