Moskvada 21-ci Beynəlxalq Müsəlman Forumu keçirilib. “Deqloballaşma dövründə sülh və etimad: Müasir çağırışlara İslam baxışı” mövzusunda təşkil olunmuş tədbirdə İslam ölkələrinin ali din xadimləri, diplomatlar, rəsmi şəxslər iştirak ediblər.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycanı forumda Milli Məclis sədrinin müavini Rafael Hüseynov təmsil edib. Qlobal dəyişikliklər dövründə sülh və etimad axtarışı mövzusu ətrafında müzakirələr aparılan tədbiri forumun baş katibi, Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri müfti Şeyx Ravil Qaynutdin açaraq ötən gün Avstraliyada baş verən terror aktını kəskin şəkildə pisləyib. O, XXI Beynəlxalq Müsəlman Forumunun keçirilməsinin Məhəmməd Peyğəmbərin anadan olmasının 1500 illiyi və İmam ət-Tirmizinin 1200 illiyi də daxil olmaqla bir neçə əlamətdar yubileylə üst-üstə düşdüyünü qeyd edib. Müfti vurğulayıb ki, beynəlxalq münasibətlərin hazırkı mərhələsi əməkdaşlığa tamamilə yeni bir yanaşma tələb edir.
Azərbaycan Milli Məclisinin sədr müavini R.Hüseynov çıxışında ölkəmizin işğaldan azad olunan ərazilərində məscidlərin bərpası məsələsinə toxunaraq bildirib ki, İslam dini çağırışları, mütərəqqi mahiyyəti ilə bu gün və gələcək üçün yararlı olan çox düsturlar ifadə edir: “Bunun ən bariz nümunəsi Azərbaycandır. Azərbaycan 30 ildən artıq müddətdə işğal altında olan torpaqlarını nəhayət ki, azad edib. Həmin ərazilərdə 400-dən artıq dini abidə, məscid, ibadətgah dağıdılıb. Azərbaycan onları Böyük Qayıdış Proqramı çərçivəsində bərpa edir. İndi həmin məscidlər və ibadətgahlardan dualar səslənir. O dualar kinə, nifrətə, intiqama deyil, sülhə, əmin-amanlığa, barışığa çağırır. Azərbaycan İslam mövqeyindən çıxış edərək dünyaya bunu təklif edir. Bu, bir düsturdur. Əgər xalqlar, ölkələr bu düsturla, Azərbaycan nümunəsi ilə hərəkət etsələr, bugünkü forumun ideyası ilə səsləşən uğurlara çata bilərlər”.
Forumun moderatoru, Rusiya ali müftisinin müavini Dəmir Müxitdinov dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü olduğunu xatırladıb və Heydər Əliyevin nurlu xatirəsinin dərin ehtiramla anıldığını söyləyib.
Forum öz işini müzakirə panelləri ilə davam etdirib.