Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Polşadan daxil olan məlumata əsasən, Çində fəaliyyət göstərən “Market Union Co. Ltd” şirkəti tərəfindən istehsal edilən şüşə fincanlarda kadmium və qurğuşun ağır metallarının miqrasiyası aşkarlanıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə AQTA və Səhiyyə Nazirliyi birgə məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bu məhsulların 6 ədədi Azərbaycanda fəaliyyət göstərən “Sevinc Mall” ticarət mərkəzindəki “Sinsay” mağazasına göndərilib. Həmin fincanlar Səhiyyə Nazirliyinin Respublika Sanitariya - Karantin Mərkəzinə təqdim edilməyib və bu səbəbdən müvafiq laborator müayinələrdən keçirilməyib.
Həmin məhsulları əldə etmiş vətəndaşlardan şüşə fincanları yoxlanılması məqsədilə Səhiyyə Nazirliyinin Respublika Sanitariya - Karantin Mərkəzinə təqdim etmələri xahiş olunur. Laborator müayinələr ödənişsiz əsaslarla həyata keçiriləcək. Yoxlamalar nəticəsində təhlükəli ağır metallar aşkarlanmadığı halda, məhsullar vətəndaşlara geri qaytarılacaq.
AQTA və Səhiyyə Nazirliyi məsələni nəzarətdə saxlayır, istehlakçıların sağlamlığının qorunması məqsədilə zəruri tədbirlər davam etdirilir.
Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzi
Əlaqə; 012-497-63-62
Ünvan: Həmidağa Hüseynzadə 39