Bakıda və bölgələrdə avtobusların sıxlığı ilə bağlı ən çox müzakirə edilən məsələlərdən biri də sərnişin limitinin tətbiq olunmamasıdır. Bəzən 50 nəfərlik avtobusa daha çox sərnişinin minməsi narazılıqlara səbəb olur. Maraqlıdır, niyə kart sistemi müəyyən saydan artıq sərnişinin girişini avtomatik bloklamır?
Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov SİA-ya açıqlamasında bildirib ki, istər bölgələrdə, istərsə də paytaxtda avtobuslarda normadan artıq sərnişinlərin mindirilməsi əslində bəyənilməyən və ümumi qaydalara cavab verməyən bir haldır:
“Məsələnin mahiyyəti ondan ibarətdir ki, bu gün yol hərəkətində iştirak edənlərin əsas problemlərindən biri də avtobuslara minib-düşmə zamanı yaranan ümumi sıxlıqdır. Yəni avtobusun içərisi hələ tam dolmamış olsa da, dayanacaqlarda çoxlu sayda insanlar gözləyir və artıq avtobusun dayanacağına baxanda belə düşünürsən ki, bu avtobus dolu olacaq və ya bəzi sərnişinlər yerdə qalacaq.
Bu nəyi göstərir? İlk növbədə həmin ərazidə marşrut xətlərinin yetərli olub-olmamasını və avtobus parkında nəqliyyat vasitələrinin sayının az olmasını. Yəni interval uzun, avtobus sayı azdır. Bu da özü-özlüyündə böyük və ciddi bir problem yaradır.
Bu problemin aradan qaldırılması üçün əsas məsələlərdən biri bu halların araşdırılması və öyrənilməsidir ki, məsələ düzgün həll olunsun. Bunun aradan qaldırılması üçün əsas məsələlərdən biri bu kimi problemlərin araşdırılması, öyrənilməsi və həll yollarının tapılmasıdır. Mən də öz növbəmdə belə hadisələrin qarşısının alınması üçün yeganə çıxış yolunu sərnişinləri daşıyacaq nəqliyyat vasitələrinin sayının artırılmasında, intervalların azaldılmasında və daha iri tutumlu avtobusların ölkəyə gətirilməsində görürəm.
Bu baxımdan da düşünürəm ki, bu sahədə işlər görüləcək və gələcəkdə bu kimi hadisələrin baş verməməsi üçün addımlar atılacaq”.